DİM-in imtahan rəhbərləri və zal nəzarətçiləri mükafatlandırıldı


4 fevral 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda fəaliyyəti yüksək qiymətləndirilən imtahan rəhbərləri və zal nəzarətçilərinin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib.
Yeniavaz.com
DİM-in yaydığı məlumata istinadla xəbər verir ki, iştirakçılar görüşdən öncə DİM-də yaradılan ölkəmizin milli qiymətləndirmə tarixini əks etdirən muzeylə tanış olublar.
“Tədbirdə çıxış edən DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə Mərkəzin fəaliyyətində ictimai iştirakçılıq prinsiplərinin tətbiqinin vacibliyini vurğulayıb və müxtəlif qurumların, elm-təhsil müəssisələrinin nümayəndələrinin bu prosesdə fəal iştirakının əhəmiyyəti barədə danışıb. M.Abbaszadə imtahanların təşkili və idarə olunmasında imtahan rəhbərləri və zal nəzarətçilərinin rolundan, gördükləri işin məsuliyyətindən, imtahanlarda daha bacarıqlı şəxslərin seçilməsində onların xidmətlərindən bəhs edib və bu işin uğurla həyata keçirilməsində öz köməyini əsirgəməyən şəxslərə DİM-in kollektivi adından təşəkkür edib.
Sədr həmçinin bildirib ki, ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə nəzarətçi qismində cəlb edilməsi məqsədilə zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması layihəsi hələ də davam edir. O, bu layihəyə marağın yüksək olması və bu il sertifikasiyadan keçib imtahanlara cəlb olunmaq üçün 2935 namizədin müraciət etdiyini qeyd edib.
Nümunəvi fəaliyyətinə görə 2399 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 30 zal nəzarətçisi, 8 imtahan rəhbəri fəxri fərmanla təltif edilib. Görüşün sonunda müəllimlərə hədiyyə olaraq DİM-in nəşrlərindən ibarət kitablar və fəxri fərmanlar təqdim olunub.








DİGƏR XƏBƏRLƏR

Top