
Qərb ölkələri və beynəlxalq təşkilatlar 2022-ci ilin fevral ayından 2025-ci ilin dekabr ayına qədər Ukraynanın büdcəsinin maliyyələşdirilməsinə 168 milyard dollar ayırıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Ukrayna Maliyyə Nazirliyinin məlumatlarına istinadla məlumat yayıb.
Məlumata görə, ən böyük məbləğ (56,9 milyard dollar) Avropa İttifaqı (Aİ) tərəfindən ayrılıb.
30,2 milyard dollar ABŞ-nin və 13,3 milyard dollar isə Beynəlxalq Valyuta Fondunun (BVF) payına düşüb.
Maliyyə Nazirliyinin məlumatına görə, Ukraynanın ən böyük beş donoru sırasına Yaponiya (9 milyard dollar) və Dünya Bankı (6 milyard dollar) da daxildir.
Digər əsas donorlar arasında Kanada (5,4 milyard dollar), Böyük Britaniya (3 milyard dollar) və Almaniyanın (1,7 milyard dollar) da adı var.
Digər tərəfdən, Rusiyanın Qərbdəki dondurulmuş maliyyə aktivlərindən əldə edilən gəlirlə təmin edilmiş G7 krediti 2025-ci ildə Ukrayna üçün büdcə maliyyələşdirməsinin vacib mənbəyinə çevrilib. Agentliyin məlumatına görə, Kiyev bu sxem çərçivəsində 38,9 milyard dollar alıb.
Qeyd edək ki, yanvarın 14-də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Aİ-nin Ukraynaya yardım üçün dondurulmuş Rusiya aktivlərindən əldə edilən 3,7 milyard avro gəlir də daxil olmaqla, 193,3 milyard avro xərclədiyini açıqlayıb. O qeyd edib ki, Aİ 2026-2027-ci illərdə Ukraynaya əlavə 90 milyard avro xərcləyəcək və bu vəsait Aİ ölkələri tərəfindən maliyyə bazarlarına pan-Avropa kreditinin yerləşdirilməsi yolu ilə toplanacaq.
Tətbiqimizi yükləyə bilərsiniz