
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bu ilin yayında İngiltərə klubundan ayrılmaq niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, “Mançester Siti”də onun gələcəyi ilə bağlı ciddi qeyri-müəyyənlik qalmaqdadır.
İspaniyalı mütəxəssis son qərarını cari mövsümün sonuna yaxın verəcək. O, hətta klubda qalsa belə, 2027-ci ildə başa çatacaq hazırkı müqaviləsini uzatmaq ehtimalı azdır.
Qeyd edək ki, “Mançester Siti” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 24 oyundan sonra 47 xalla ikinci yerdədir.
Komanda həmçinin Çempionlar Liqasının 1/8 finalına və İngiltərə Liqa Kubokunun finalına yüksəlib.
Xatırladaq ki, Qvardiolanın 55 yaşı var. O, 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda altı dəfə İngiltərə Premyer Liqasını, iki dəfə İngiltərə Kubokunu və dörd dəfə Liqa Kubokunu qazanıb. 2023-cü ildə “Mançester Siti” Çempionlar Liqasının qalibi olub.
Tətbiqimizi yükləyə bilərsiniz