ABŞ kəşfiyyatı Si Cinpini paranoyak hesab edir?


Amerika kəşfiyyatı son illərdə Çin Prezidenti Si Cinpində həddindən artıq paranoya müşahidə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” qəzeti Amerika kəşfiyyatının məlumatlarına istinadla xəbər yayıb.
ABŞ kəşfiyyat analitiklərinin fikrincə, Çin prezidenti Si Cinpin son illərdə həddindən artıq paranoya əlamətləri göstərib.
Nəşr yazır ki, Si Cinpin təxminən 14 il əvvəl dünyanın ən çox əhaliyə malik supergücünə rəhbərlik etdiyindən bəri Çin Kommunist Partiyasının sıralarını darmadağın edib.
O, hakim məmurları, təhlükəsizlik rəsmilərini və “qırmızı aristokratiya”nın yetirmələrini vəzifəsindən kənarlaşdırıb.
Lakin hətta bu standartlara görə belə, onun son təmizləmə əməliyyatı “diqqətəlayiq” olub.
Nəşrin ekspertləri Çin Mərkəzi Hərbi Şurasının sədr müavini, Si Cinpinin yaxın silahdaşı hesab edilən general Çjan Yusyaya, eləcə də Çin Mərkəzi Hərbi Şurasının Birləşmiş Qərargah rəisi general Lyu Çjenliyə qarşı cinayət işlərinin açılmasını da bununla izah edirlər.
Bu hadisələr Vaşinqtondakı rəsmilər və analitiklər arasında təşvişə səbəb olub. Belə ki, “The Wall Street Journal” (WSJ) qəzeti generalların ABŞ-yə casusluq etməkdə və nüvə sirlərini ötürməkdə ittiham olunduğunu bildirib. Lakin WSJ-yə danışan keçmiş və hazırkı rəsmilər Pekinin ittihamlarını təsdiq etməyiblər.
Onlara qarşı irəli sürülən başqa bir ittiham isə korrupsiya ilə bağlıdır.
NYT yazır ki, ABŞ hökumətinin Çin ordusundakı təmizləmələrin səbəblərini və Çin liderinin ruhi sağlamlığını anlaması çox vacibdir, çünki o, dünyanın ən güclü ordularından birinə komandanlıq edir və qlobal iqtisadiyyata təsir göstərir.
Mənbələrə görə, Çin lideri paranoya ilə hərəkət edə, özünü “real siyasi təhlükələrdən qoruya” və ya Xalq Azadlıq Ordusunda “korrupsiyaya qarşı mübarizə apara” bilər.
Analitiklər hesab edirlər ki, Si Cinpinin paranoyaya meyli onun liderliyinin xarakterik xüsusiyyətidir və bu, ona hakimiyyətini möhkəmləndirməyə və uzun illər hakimiyyətdə qalmağa kömək edir.

DİGƏR XƏBƏRLƏR

Top