Mərkəzi Bank inflyasiya proqnozunu açıqladı


Azərbaycanda illik inflyasiyanın 2026-cı ildə 5,5%, 2027-ci ildə isə 4% olacağı gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, bu, Mərkəzi Bankın açıqladığı məlumatda yer alıb.
Bildirilir ki, 2026-cı il üçün açıqlanan inflyasiya proqnozu azaldılma istiqamətində dəyişdirilib.
Məlumatda həmçinin qeyd olunur ki, hazırda illik inflyasiya hədəf daxilində qalmağa davam edir. Son 2 ayda inflyasiyanın dinamikasında azalma meyli müşahidə olunur. 2025-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 5,2% təşkil edib. Faktiki inflyasiya başlıca olaraq xarici və daxili xərc amillərindən təsirlənir.
Valyuta bazarındakı stabillik qiymət sabitliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir. 2025-ci ildə mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 423 milyon dollar üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin 2025-ci ildə 2,6 faiz bəndi azalaraq 28%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5,1% artaraq 11,5 milyard dollara çatıb.
Valyuta bazarında tarazlığın formalaşmasında həlledici rol oynayan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2025-ci ildə ölkənin xarici ticarətində 0,7 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb. İlkin qiymətləndirmələrə görə, qızıl idxalı çıxılmaqla xarici ticarətdə müsbət saldo 6,9 milyard dolları üstələyib. Mərkəzi Bankın yenilənmiş makroiqtisadi proqnozlarına uyğun olaraq 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top