Regionlarda məşğulluğun əsas problemi nədir: Vakansiya azlığı, yoxsa kadr çatışmazlığı?


Regionlarda məşğulluqla bağlı aparılan sorğunun nəticələri göstərir ki, iş bazarında əsas problem vakansiyaların azlığı deyil, mövcud iş yerlərinin tələbləri ilə namizədlərin bacarıq və təcrübəsinin uyğun gəlməməsidir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Dövlət Məşğulluq Agentliyinin “Əmək bazarı” bülleteninin 5-ci buraxılışında qeyd edilib.
Sorğuya əsasən, son bir il ərzində regionlarda ən çox vakansiya elan edilən sahələr texniki ixtisaslar (elektrik, mexanik, usta və s.) olub – 21,2%. Onu satış və marketinq (17,1%), mühasibatlıq və maliyyə (13,5%), tikinti və fiziki işlər (13,1%), eləcə də kənd təsərrüfatı və heyvandarlıq (13,1%) sahələri izləyib.
Araşdırma vakansiyaların sahələr üzrə payı ilə uyğun işçi tapmaqda çətinlik göstəriciləri arasında tam uyğunluğun olmadığını da üzə çıxarıb. Məsələn, kənd təsərrüfatı sahəsində vakansiyaların payı 13,1% təşkil etsə də, uyğun namizəd tapmaqda çətinlik göstəricisi 7,7% olub.
İşəgötürənlərin uyğun namizəd tapmaqda üzləşdiyi əsas problemlər sırasında peşə bacarıqlarının olmaması (39,2%), regionlarda müvafiq sahə üzrə mütəxəssis çatışmazlığı (35,6%) və namizədlərin təcrübəsizliyi (33,3%) ön plana çıxır. Bundan əlavə, ümumi iş vərdişlərinin zəifliyi (28,8%), əmək haqqı gözləntilərinin yüksək olması (23,4%) və rəqəmsal bacarıqların çatışmazlığı (15,3%) da əsas maneələr kimi göstərilib.
İşə qəbul prosesində əsas seçim meyarları peşə bilik və bacarıqları (66,7%) və real iş təcrübəsi (62,2%) olub. Təhsil səviyyəsi isə cəmi 23,4% ilə daha aşağı əhəmiyyətə malikdir. Namizədlərdə tələb olunan bacarıqlar arasında komanda ilə işləmək (54,1%), ünsiyyət bacarığı (40,5%), davamlılıq və məsuliyyət (39,2%), texniki peşə bacarıqları (34,7%) və problem həll etmə bacarığı (32%) xüsusi yer tutur.
Sorğu nəticələri texniki bacarıqlar üzrə ciddi boşluğun mövcud olduğunu da göstərir. Belə ki, texniki peşə bacarıqlarına tələbat 34,7% olduğu halda, bu sahədə uyğun namizəd tapmaqda çətinlik göstəricisi 40,1% təşkil edib.
Respondentlərin 38,3%-i son 6 ayda 1–5, 19,4%-i isə 6–10 namizədi bacarıq çatışmazlığı səbəbindən işə qəbul etmədiyini bildirib. Respondentlərin 27%-i isə belə bir halla qarşılaşmadıqlarını qeyd edib.
Regionlarda məşğulluğun artırılması üçün işəgötürənlərin əsas prioritetləri kimi əmək bazarına uyğun kadr hazırlığı (44,1%), peşə təhsili imkanlarının genişləndirilməsi (42,8%), gənclər üçün praktik təcrübə imkanlarının yaradılması (38,3%), bacarıq yönümlü qısa müddətli təlimlər (30,2%) və iş şəraitinin yaxşılaşdırılması (21,2%) göstərilib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top