
İlk qatlanan “iPhone” Apple smartfonları arasında ən böyük tutumlu batareyaya sahib olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “MyDrivers” portalı təchizat zəncirindəki mənbələrə istinadla məlumat yayıb.
Belə ki, ilk qatlanan “iPhone” 5500 mAh tutumlu batareya ilə təchiz ediləcək.
Buna batareyanın ölçüsünü artırmadan daha yüksək enerji sıxlığı təklif edən silikon-karbon anodu olan batareyadan istifadə etməklə nail olmaq mümkün olacaq.
Qatlanan smartfon açıldıqda 4:3 nisbətində və diaqonal olaraq 7,8 düym ölçüsündə daxili displeyə sahib olacaq.
120 Hz-ə qədər adaptiv yeniləmə sürətinə malik LTPO OLED paneli “Samsung” tərəfindən təchiz ediləcək.
Diaqonal olaraq 5,3 düym ölçüsündə xarici displey isə tək əlli istifadə üçün nəzərdə tutulur.
Smartfonda “Face ID” funksiyası olmayacaq. Bunun əvəzinə identifikasiya üçün güc düyməsindəki “Touch ID” barmaq izi skanerindən istifadə ediləcək.
Əsas kamera iki 48 meqapiksellik sensordan ibarət olacaq.
Cihaz “iPhone 18 Pro”da da yer alacaq “Apple A20 Pro prosessoru” ilə təchiz olunacaq.
“JPMorgan Chase” analitiklərinin fikrincə, qatlanan “iPhone”un başlanğıc qiyməti təxminən 2000 dollar olacaq, maksimum konfiqurasiyanın qiyməti isə 2500 dolları keçə bilər ki, bu da modeli şirkət tarixində ən bahalı smartfona çevirəcək.
Tətbiqimizi yükləyə bilərsiniz