
Bu gün ölkədə “Gənclər Günü” qeyd olunur. Sosial şəbəkələrdə təbriklər, şüarlar və ümid dolu paylaşımlar üstünlük təşkil etsə də, bu səs-küyün fonunda gənclərin gündəlik problemləri çox vaxt kölgədə qalır.
“İş yoxdur”, “Maaş azdır”, “Tanışlıq lazımdır” və s. Bu ifadələr bu gün bir çox gəncin dilindən düşmür.
Bəs Azərbaycan gənclərini narahat edən əsas problemlər hansılardır? “Gənclər Günü” onlar üçün nə ifadə edir?
Yeniavaz.com bu suallarla gənclərə müraciət edib.
Bakı Dövlət Universitetinin II kurs tələbəsi Lamiyə İmanovanın fikrincə, gənclərin əsas problemlərindən biri gələcəyi planlaşdıra bilməmələridir:
“Gənclər gələcəklərini planlaşdıra bilmirlər, gələcək qayğısı çəkirlər. Universitetdə oxuyuruq, amma düşünürük ki, gələcəkdə necə iş tapacağıq, harada işləyəcəyik. Digər bir problem isə özümüzü başqaları ilə müqayisə etməyimizdir. Məsələn, sosial şəbəkələrdə paylaşılan lüks həyatları görürük və özümüzü onlarla müqayisə edirik, özümüzü yetərsiz hiss edirik. Bu da psixologiyamıza mənfi təsir göstərir”.
Sumqayıt Dövlət Universitetinin III kurs tələbəsi Ələddin İsgəndərli isə gənclərin sistemin diktə etdiyi həyat tərzi ilə yaşamağa məcbur qaldığını bildirir:
“Bir çox gənc işsizlikdən əziyyət çəkir və ya işəgötürənlərin “nazları” nəticəsində ciddi maddi çətinliklərlə üzləşir. Nəticədə gənc bir insan kimi yaşaya bilmir, istirahətinə vaxt ayıra bilmir, daim gələcək qayğısı ilə yaşayır, şəxsi həyatı isə qarışıq vəziyyətdə olur. Problemlər çoxdur və bu mövzuda uzun-uzadı danışmaq olar. Qısası, bu yaşam tərzi gəncin öz istəyi deyil, sistemin ona diktə etdiyi bir həyatdır. “Gənclər Günü”nə gəldikdə isə, şəxsən mənim üçün bu ifadə sadəcə təqvimdə günün boş keçməməsi üçün əlavə olunmuş bir söz birləşməsindən ibarətdir”.
Kinorejissor Rauf Qafari isə deyir ki, gənclərin ailə qurmaqda çətinlik çəkməsi də mövcud problemlərdən biridir:
“Bu gün bir çox gənc evlənmək istəyir, amma istək imkanla üst-üstə düşmür. Sabit gəlirin olmaması, gələcəyə dair güvənsizlik ailə qurmağı arzu yox, risk kimi göstərir və həyat planları illərlə ertələnir. Gənclər Günündə gəncləri tərifləmək yox, onlara hansı imkanların yaradıldığını soruşmaq lazımdır”.
Sumqayıt Dövlət Universitetinin IV kurs tələbəsi Gülnar Əliyeva isə gənclərin şəxsi münasibətlərdə yaşadığı problemlərə misal çəkir:
“Gənclərin problemlərindən biri sevgidə olan qeyri-müəyyənlikdir. Gənclər bir-birini sevir, danışır, vaxt keçirir, lakin çox zaman “biz nə yaşayırıq?” sualına cavab tapa bilmirlər. Münasibət var, amma adı yoxdur. Digər problemlərdən biri isə bağlanmaq qorxusudur. Sevmək istəyirlər, amma məsuliyyət götürmək istəmirlər. Öz azadlıqlarını itirmə qorxusu insanlarda daha güclü olur. Keçmişdə yaşanan uğursuz münasibətlər də bugünkü münasibətlərə təsir edir”.
“Gənclər motivasiya gözləyir, həvəsdən salınmaq istəmirlər”

Mövzu ilə bağlı Yeniavaz.com-a danışan sosioloq Mail Yaqub bildirib ki, bu gün gənclərin əsas ehtiyacı dəyər görməkdir:
“Bugünkü gənclər alçaldılmaq yox, başa düşülmək və dinlənilmək istəyirlər. Böyüklərin gənclərlə bağlı məsuliyyəti var. “Sən bilmirsən”, “sənin başın çatmır” kimi yanaşmalar düzgün deyil və gənclərə qarşı tətbiq olunmamalıdır. Gənclər motivasiya gözləyir, həvəsdən salınmaq istəmirlər. Bu, son dərəcə vacib məqamdır. Gənclər özlərinə dayaq axtarır. Bu dayaq təkcə maddi deyil, eyni zamanda mənəvi dəstəkdir. Böyüklərin gənclərlə bağlı əsas missiyası da budur: mane olmaq yox, çıraq olmaq, yollarına işıq salmaq və onlarla dost olmaq”.

Sosioloq Hüseyn İbrahimov isə gənclərin üzləşdiyi problemlərdən danışıb:
“Gənclərin əsas problemlərindən biri rəqəmsal asılılıqdır. Bugünkü gənclik özünü bu asılılıqdan qorumalıdır. Digər bir problem isə hər şeyin tez bir zamanda baş verməsini istəmələridir. Gənclər qısa müddətdə böyük uğurlar əldə etməyə çalışırlar. Bu baş vermədikdə isə müəyyən çətinliklər və psixoloji sıxıntılar yaranır. Suveren ölkənin gənci olmaq indiki gəncliyimizin ən böyük xoşbəxtliyidir. Bayramınız mübarək!”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz