Gümüş kəskin şəkildə ucuzlaşdı – Ən böyük istehsalçısı kimlərdir?


Son 2 gündür qlobal əmtəə bazarlarında ciddi dalğalanma müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, tarixi rekordlara doğru yüksələn qızıl və gümüşün qiyməti bu ilin ən sərt gündəlik enişini yaşayıb.
Qeyd edək ki, ən böyük ucuzlaşma gümüşdə qeydə alınıb. İki gün əvvəl dünya bazarlarında bir unsiya (31 qram) gümüşün qiyməti 121 dollara qədər bahalaşsa da, hazırda kəskin şəkildə ucuzlaşaraq 78 dollara qədər enib.
Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi məzənnələrə əsasən, gümüşün bir unsiyası son 2 gündə 201,3 manatdan 134,5 manata qədər ucuzlaşıb.
Məlumat üçün bildirək ki, 2024-cü ildə dünyada 25 000 ton gümüş istehsal olunub. ABŞ Geoloji Xidmətinin (USGS) “Mineral Commodities Summary 2025” hesabatına görə, 2024-cü ildə Meksika dünyanın ən böyük gümüş istehsalçısı olub.
Meksika qlobal gümüş ehtiyatlarının cəmi 6%-nə sahib olsa da, 6 300 ton istehsalla dünya üzrə liderdir. Çin 3 300 ton istehsalla ikinci, Peru isə təxminən 3 100 tonla üçüncü yerdə qərarlaşıb. Bu üç ölkə birlikdə qlobal gümüş istehsalının yarıdan çoxunu təmin edir.
Boliviya, Polşa, Çili, Rusiya və ABŞ kimi ölkələrin hər biri 1 100–1 300 ton aralığında gümüş istehsal edib. Avstraliya, Qazaxıstan, Argentina və Hindistan da əhəmiyyətli paya malik istehsalçılar sırasındadır.
2024-cü ildə dünyanın ən böyük gümüş istehsalçıları aşağıdakı kimi olub:
Meksika – 6 300 ton;
Çin – 3 300 ton;
Peru – 3 100 ton;
Boliviya – 1 300 ton;
Polşa – 1 300 ton;
Çili – 1 200 ton;
Rusiya – 1 200 ton;
ABŞ – 1 100 ton;
Avstraliya – 1 000 ton;
Qazaxıstan – 1 000 ton;
Argentina – 800 ton;
Hindistan – 800 ton;
İsveç – 400 ton;
Kanada – 300 ton;
Digər ölkələr – 2 100 ton;
Ümumi dünya istehsalı – 25 000 ton.


Onu da qeyd edək ki, 2024-cü ildə Azərbaycanda 3 184,9 kiloqram, 2025-ci ildə isə 3 646 kiloqram gümüş istehsal edilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top