Allahın sevgilisi


Epiktet ad deyil, qısacası kölə deməkdir. 1-ci əsrin əvvəllərində Frigiyada bir kölə kimi dünyaya gəldi. Neron dövründə Romaya aparıldı. İmperatorun azad etdiyi bir köləyə, Epafrodit adlı kobud və mərhəmətsiz bir adama satıldı...
Epiktet topal idi. Bir gün ağası məngənədə ayağını buraraq əylənirdi. Epiktet yavaşca ona: “Ayağımı sındıracaqsan”, - dedi. Epafrodit onun sözlərinə məhəl qoymayıb əyləncəsinə davam etdi və... Epiktetin ayağını sındırdı. Epiktet isə soyuqqanlılıqla: “Ayağımı sındıracaqsan demişdim, sındırdın”, - dedi.
O xəstə olanda da, təhlükə qarşısında qalanda da, can verəndə də... xoşbəxt idi. Allahdan və insanlardan gələn bəlalara səbirlə dözür, heç vaxt şikayət etmirdi. Heç bir şeydə gözü yox idi. Nə acgözlüyü, nə nifrəti, nə qısqanclığı var idi. O, bütün ruhu ilə Allaha bağlı idi.
O bir həqiqətə inanırdı: “Kainatı idarə edən və hamıya oynayacağı rolu verən Sonsuz Qüdrət Sahibinə təslim olmaq”.
O deyirdi: “Unutma ki, sən bir pyesdə müəllifin verdiyi rolu oynayan aktyorsan. Əgər sənə bir dilənçi rolunu oynamağı məsləhət görmüşsə, deməli, bu rolu bacardığın qədər yaxşı oynamalısan. Əgər bir topalın və ya bir şahzadənin rolunu oynamağı məsləhət bilmişsə, yenə eyni şeyi etməlisən. Çünki, sənin borcun rolunu yaxşı oynamaqdır, rolu seçmək isə başqasının işidir”.
Epiktet həmişə səadəti əzabda və iztirabda axtarırdı. O, özü haqqında deyirdi: “Başıma nə gəlirsə gəlsin (istər acı, istər şirin) qəbul etməyə hazıram. Çünki Onun mənim üçün istədiyi şey mənim istədiklərimdən daha yaxşıdır”.
“Nə olursa olsun, itirdim demə, qaytardım de. Uşağın öldü? Qaytardım de. Ömür-gün yoldaşın öldü? Qaytardım de. Tarlanı əlindən aldılar? Yenə qaytardım de. Onu sənə verənin kimin əli ilə qaytarmasının nə əhəmiyyəti var? Unutma ki, sən dünyada bir qonaqsan”.
“Əlini nəzakətlə uzadıb payını götür. Əgər qarşından götürülsə, inad edib istəmə. Əgər qarşında deyilsə, qarşına gəlməyini gözlə. Ev sahibinin sənə verdiyindən başqa istəməyə çalışma”.
Epiktet ağası öləndən sonra köləlikdən azad oldu. O, Romada qapısı olmayan bir daxmada yaşayırdı. Evində isə masadan, taxta divandan və köhnə döşəkdən başqa bir şey yox idi. Bir gün ömrü boyu yoxsul olacağına and içdiyini unudub özünə dəmir bir lampa aldı və çox keçmədi ki, cəzasını gördü. Bir oğru Epiktetin daxmasına girib lampanı oğurladı.
Epiktet heç vaxt evlənmədi. Ancaq evlənməyin vacib olduğuna inanırdı. Allah yolunda olan insanların özlərindən sonra yaxşı insanlar qoyub getmələri üçün onlara evlənməyi tövsiyə edirdi.
Epiktet son ana qədər öz əzabları, öz iztirabları ilə tənha yaşadı. Sonralar Arrian adlı bir tələbəsi onun kəlamlarını yığıb çap etdi.
Epiktet uzun bir ömür yaşadı. Tələbələri onu çox sevirdi. Çox az danışır, tələbələrinə və dostlarına yaxşılığı və gözəl əxlaqı tövsiyə edirdi. “Dostum nə deyirsən? Yoxsa, məni zəncirə vurmaqla qorxudursan? Bunu edə bilməzsən. Sən ancaq ayaqlarımı zəncirə vura bilərsən. İradəmə gəlincə, o həmişə azaddır”.
O, böyük ruhunu harada və necə Allaha təslim etdi, bilmirik. Bəlkə də, ölüm ayağında bu yalvarışlarla dünyanı tərk edib Sevdiyinə qovuşdu: “Əmrlərinə üsyan etdimmi? Mənə verdiyin şeyləri israf etdimmi? Səndən heç şikayət etdimmi? Yoxsul idim, çünki Sən belə istəmişdin və mən yoxsulluğumdan razı idim. Səfalət içində idim, çünki Sən belə istəmişdin və mən heç vaxt səfalətdən xilas olmaq istəmədim. Hisslərimi, arzularımı, düşüncələrimi Sənə tabe etdim. Haqqımda verəcəyin hər hökmü qəbul etməyə hazıram. Sənin tərəfindən verilən ən kiçik bir işarə belə mənim üçün kifayətdir. Bu böyük səhnədən çıxıb getməyimi istəyirsənsə, hazıram. Və bütün əsərlərini göstərəsən deyə, məni bura gətirdiyin üçün Sənə minlərlə dəfə şükür edirəm”.
Epiktetin qəbir daşında isə bu sözlər yazılmışdı: “Mən Allahın sevgilisi Epiktetəm!..”

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top