İran parlamenti Avropa ölkələrinin ordularını terror təşkilatları kimi tanıdı


İran parlamenti Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK – SEPAH) qara siyahıya salmaq qərarına cavab olaraq, Avropa ölkələrinin ordularını, ölkənin daxili qanunvericiliyinə əsasən, terror təşkilatları kimi tanıyıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“Parlamentin bazar günü keçirilən iclasında spiker Məhəmməd Baqer Qalibaf bildirib ki, İran qanunvericiliyinin 7-ci maddəsinə əsasən, İİKK terror təşkilatı elan edildiyi halda, Avropa ölkələrinin silahlı qüvvələri də terror qruplaşmaları hesab olunur. O əlavə edib ki, bu addım Avropa İttifaqı ilə münasibətlərdə son dərəcə ciddi nəticələrə səbəb olacaq”, - agentliyin məlumatında qeyd olunub.
Qalibaf vurğulayıb ki, “müqəddəs” İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terrorizmdə ittiham edən Aİ-nin “məsuliyyətsiz addımları” ABŞ prezidenti və İsrailin göstərişi ilə atılıb.
O əlavə edib ki, “sionizmi dəstəkləyən cərəyanlar” ilk növbədə KİV-lərdə mühit yaratmağa çalışaraq İran xalqını və müstəqil ölkələri qorxutmaq niyyətindədirlər. Bununla yanaşı, Qalibaf qeyd edib ki, İran xalqı İİKK-ni özünün bir hissəsi hesab edir.
“Avropalılar Avropada terrorizmin yayılmasının qarşısındakı ən böyük maneə olan İİKK-yə zərbə vurmağa cəhd etməklə faktiki olaraq öz ayaqlarına güllə sıxdılar və bir daha amerikalılara kor-koranə tabe olduqları üçün öz xalqlarının maraqlarına zidd qərarlar qəbul etdilər”, — deyə Qalibaf bildirib.

DİGƏR XƏBƏRLƏR

Top