Venesuela prezidenti Vaşinqtonun göstərişlərindən “bezdiyini” bildirib


Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes ABŞ-nin ölkəsinə yönəlmiş tələblərindən narazılığını açıq şəkildə ifadə edib.
Yeniavaz.com
CNN-ə istinadən xəbər verir ki, o, Puerto-La-Krus şəhərində neftçilərlə görüşdə Vaşinqtonun göstərişlərindən “bezdiyini” bildirib və Venesuelanın daxili məsələlərinin xarici müdaxiləsiz həll olunmalı olduğunu vurğulayıb.
Dövlətə məxsus Venesolana de Television kanalında yayımlanan çıxışında Rodriges deyib:
“Venesueladakı siyasətçilərə Vaşinqtondan verilən əmrlər artıq bəsdir. Qoy Venesuela siyasəti öz daxili münaqişələrini özü həll etsin. Bu respublika ölkəmizdə faşizm və ekstremizmlə üzləşməyin çox ağır bədəlini ödəyib”.
ABŞ Prezidenti Donald Tramp isə Rodrigesin açıqlamalarından xəbərsiz olduğunu bildirib. O, Ağ Evdə jurnalistlərə deyib: “Düzünü desəm, orada nə baş verdiyini dəqiq bilmirəm, amma bu barədə heç nə eşitməmişəm. Bizim çox yaxşı münasibətlərimiz var”.
Vaşinqton Maduronun və həyat yoldaşı Silia Floresin ABŞ-yə aparılmasından sonra Karakasa qarşı təzyiqləri davam etdirir. ABŞ administrasiyası Venesueladan neft hasilatının bərpası, Çin, İran, Rusiya və Kuba ilə əlaqələrin kəsilməsi, eləcə də ABŞ şirkətləri ilə eksklüziv enerji əməkdaşlığı kimi tələblər irəli sürüb.
Rodriqes isə ABŞ ilə münasibətlərdə qarşıdurma istəmədiyini deyərək bildirib: “Biz qorxmuruq. ABŞ ilə hörmətə əsaslanan münasibətləri davam etdirməkdən də çəkinmirik. Amma bu münasibətlər beynəlxalq hüquqa, insan ləyaqətinə və Venesuelanın tarixinə hörmət üzərində qurulmalıdır”.
Son həftələrdə Venesuelada siyasi məhbusların azadlığa buraxılması da diqqət çəkib. Hüquq müdafiə təşkilatı Foro Penalın məlumatına görə, bazar günü ən azı 104 nəfər azad edilib. Yanvarın 8-dən bu yana ümumilikdə 266 məhbusun sərbəst buraxıldığı bildirilir.
ABŞ Prezidenti Tramp Venesuela rəhbərliyinə məhbusların azad olunmasına görə təşəkkür edib və bunu “güclü humanitar addım” adlandırıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top