
Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən üçtərəfli görüşdə iştirakçılar 20 maddəlik planı müzakirə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Vilnüsdə keçirilən mətbuat konfransında bildirib.
“Bu, uzun müddət ərzində təkcə diplomatlar arasında deyil, həm də hərbçilər arasında ilk üçtərəfli görüş idi. 20 bəndlik plan və bir çox problemli məsələlər müzakirə olundu”, - deyə Ukrayna lideri bildirib.
Zelenski əlavə edib ki, Rusiya və Ukraynanın danışıqlarda fərqli mövqeləri var. Bununla belə, o, ABŞ-nin kompromis tapmaq istədiyini və buna görə də, belə görüşlərin təşkil olunduğunu bildirib.
Qeyd edək ki, yanvarın 23-ü Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun rəhbərlik etdiyi Amerika nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinə həmçinin “Affinity Partners” şirkətinin təsisçisi və ABŞ Prezidentinin kürəkəni Cared Kuşner və Ağ Evin baş iqtisadi müşaviri Coşua Qruenbaum da daxil olub.
Xatırladaq ki, daha sonra BƏƏ-nin paytaxtında Rusiya, ABŞ və Ukrayna arasında iki raunddan ibarət görüş keçirilib. CNN telekanalının adı çəkilməyən bir Amerika rəsmisinə istinadla verdiyi məlumata görə, Əbu-Dabidə Ukrayna böhranının həlli ilə bağlı danışıqlar zamanı tərəflər ərazi məsələləri ilə bağlı olmasa da, bir neçə problemli məsələni həll edə biliblər. Jurnalistlər yazır ki, Amerika rəsmilərinin sözlərinə görə, danışıqlar proqnozları üstələyib və zaldakı atmosfer çox nikbin, müsbət və konstruktiv xarakter daşıyıb.
Tətbiqimizi yükləyə bilərsiniz