
Rusiya ordusunun Kiyevə endirdiyi zərbə nəticəsində paytaxtda yerləşən “Roshen” şirkətinin şirniyyat fabriki zərər görüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Fövqəladə Hallar Xidmətinə və deputat Aleksey Qonçarenkoya istinadla məlumat yayıb.
Fövqəladə Hallar Xidmətinin məlumatına görə, zərbə paytaxtın Qoloseyevski rayonunda qeydə alınıb. Şirniyyat fabrikinin yuxarı mərtəbəsinə ziyan dəyib. Hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Digər tərəfdən, millət vəkili Aleksey Qonçarenko “Roshen” fabrikinin atəşə tutulduğunu və müəssisənin həm istehsalat, həm də ofis binalarının zərər gördüyünü bildirib.
Zərərin miqyası və zərərçəkənlərin sayı barədə məlumatlar dəqiqləşdirilir.
Hadisə yerində xilasedicilər və təcili yardım xidmətləri işləyir.
Baş Prokurorluq həmçinin “Roshen”in atəşə tutulmasının nəticələrini əks etdirən foto da nümayiş etdirib.
Qeyd edək ki, Roshen Ukrayna və Şərqi Avropanın ən böyük şirniyyat şirkətlərindən biridir. Brend həm daxili bazarda, həm də xaricdə yaxşı tanınır və məhsulları dünyanın onlarla ölkəsində satılır. Şirkətin adı təsisçinin soyadının - Petro Poroşenkonun qısaltmasından gəlir.
Tətbiqimizi yükləyə bilərsiniz