Yeni yaranan “Sülh Şurası” BMT-ni əvəz edə bilərmi?


Xəbər verdiyimiz kimi, bu gün Davosda Prezident İlham Əliyevin də iştirakı ilə “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, “Board of Peace” (“Sülh Şurası”) adlı yeni beynəlxalq təşkilat ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılıb.
Təşkilatın əsas məqsədi münaqişədən zərər çəkmiş və ya münaqişə riski olan bölgələrdə sabitliyi təmin etmək, qanuni idarəetməni bərpa etmək və uzunmüddətli sülhə nail olmaq kimi təqdim olunur.
“Sülh Şurası” ideyası ilk dəfə Donald Tramp tərəfindən 2025-ci ilin sentyabrında irəli sürülüb. Təşkilatın yaradıldığını isə Trump 15 yanvar 2026-cı ildə rəsmi şəkildə elan edib. Tramp 20 yanvar 2026-cı ildə verdiyi açıqlamada bildirib ki, Birləşmiş Millətlər Təşkilatı ona heç vaxt kömək etməyib və məhz bu səbəbdən yeni qurum yaradıb. O, “Sülh Şurası”nın gələcəkdə BMT-ni əvəz edə biləcəyini də istisna etməyib.
Yeni təşkilatın üzvlüyü yalnız Donald Tramp tərəfindən müəyyən edilir. Daimi üzv olmaq istəyən ölkələrdən 1 milyard dollar məbləğində ödəniş tələb olunur. Quruma dair qəbul edilən nizamnaməyə əsasən, təşkilata tam səlahiyyətli şəkildə yalnız bir şəxs – Tramp rəhbərlik edir. Donald Tramp bu vəzifəni ömürlük icra edir və Şuranın qərarlarını digər üzvlərlə məsləhətləşmədən təkbaşına qəbul etmək səlahiyyətinə malikdir. Ekspertlər bildirirlər ki, Tramp bu qurumu BMT Təhlükəsizlik Şurasına alternativ kimi formalaşdırmağa çalışır və faktiki olaraq veto hüququ yalnız onun əlində cəmləşir.
Təşkilat ilkin mərhələdə Qəzza zolağının idarə olunması, bərpası və iqtisadi dirçəlişi üçün nəzərdə tutulmuşdu. Bu təşəbbüs 7 oktyabr 2023-cü ildə baş vermiş hücumlardan və Qəzza müharibəsindən sonra hazırlanan sülh planının bir hissəsi kimi təqdim olunub. 17 noyabr 2025-ci ildə BMT Təhlükəsizlik Şurası bu təşəbbüsü dəstəkləyən 2803 saylı qətnaməni qəbul edib.
“The Guardian” qəzeti bu qurumu “Trampın nəzarətində olan, pulla üzvlük prinsipi üzərində qurulan “klub” kimi xarakterizə edib. Bir çox ekspertlər “Sülh Şurası”nı şəxsi nüfuz layihəsi adlandırır.
Təşkilat bir sıra Avropa ölkələrinin dəstəyini qazana bilməyib. Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Norveç, İsveç və Sloveniya bu quruma qoşulmaqdan imtina edib. Fransa hökuməti təşkilatın BMT-nin rolunu zəiflədə biləcəyindən narahatlığını ifadə edib. Tramp isə Fransanın imtinasına cavab olaraq Fransa şərab və şampanlarına yüksək rüsum tətbiq edəcəyi ilə hədələsə də, sonradan bu təhdid reallaşmayıb.
Bununla yanaşı, bir sıra ölkələr təşkilata qoşulduğunu təsdiqləyib. ABŞ, Azərbaycan, Ermənistan, Türkiyə, İsrail, Albaniya, Argentina, Qazaxıstan, Pakistan, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və digər ölkələr “Sülh Şurası”nın üzvləri sırasında yer alıb. Ümumilikdə təxminən 60 ölkəyə dəvət göndərildiyi bildirilir.
Təşkilatın icra strukturu da formalaşdırılıb. Qəzza üzrə Ali Nümayəndə vəzifəsinə sabiq BMT rəsmisi Nikolay Mladenov təyin edilib. İcra Şurasına ABŞ dövlət katibi Marko Rubio, Donald Trampın kürəkəni Jared Kuşner, sabiq Böyük Britaniya baş naziri Toni Blair və digər tanınmış siyasi və biznes nümayəndələri daxil edilib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top