Xəbərdarlıqlar edilir, amma dəm qazı yenə də can alır – Problemin kökü nədədir?


Məlum olduğu kimi, hər il Azərbaycanda dəm qazından onlarla insan həyatını itirir.
Yeniavaz.com
xəbər verir ki, yerli KİV-də təkcə son bir gün ərzində paytaxt Bakıda 5 nəfərin dəm qazından ölməsi barədə məlumat yayılıb.
Qeyd edək ki, dəm qazı təhlükəsi ilə bağlı xəbərdarlıqlar edilməsinə, maarifləndirmə işləri aparılmasına baxmayaraq, bu “səssiz təhlükə” yenə də insanların həyatına son qoymağa davam edir.
Havaların soyuması ilə əlaqədar olaraq təbii qazdan istifadənin artması da ölkədə dəm qazından boğulma hallarının sayını artırıb.
Bəs mütəmadi xəbərdarlıqların edildiyi bir şəraitdə dəm qazından ölüm halları niyə hələ də davam edir? Problemin kökü nədədir?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, problemin davam etməsinin əsas səbəbi bəzi hallarda qaz cihazlarının təhlükəsizlik tələblərinə uyğun quraşdırılmaması və istismar zamanı qaydalara əməl edilməməsidir:
“Məişətdə qaz təsərrüfatı varsa, onun mütləq təhlükəsiz istismarı təmin edilməlidir. Qaz cihazı quraşdırılan otaqda havalandırma, ventilyasiya və nəfəslik açılışları olmalıdır. İstifadə olunan qaz cihazları standartlara uyğun seçilməli, tüstü bacaları işlək vəziyyətdə və normativ tələblərə uyğun olmalıdır. Qaz cihazlarına ildə azı iki dəfə texniki baxış keçirilməli, nasazlıqlar vaxtında aradan qaldırılmalıdır. Qaz cihazı olan məkanlarda qaz sızmasına və dəm qazına qarşı detektorlar mütləq quraşdırılmalıdır. Bu detektorlar yüksək funksionallığa malikdir: qaz sızması baş verdikdə qazın verilişi avtomatik dayandırılır və bədbəxt hadisələrin qarşısı alınır. Dəm qazı detektoru isə dəm qazı əmələ gəldikdə xüsusi siqnal vasitəsilə istifadəçini xəbərdar edir və onun zərər çəkməsinin qarşısını alır”.

Elmar Nurəliyev

O qeyd edib ki, yanma üçün lazım olan oksigenin çatışmaması qazın natamam yanmasına və dəm qazının yaranmasına səbəb olur:
“Dəm qazı natamam yanma məhsuludur və yanma prosesi düzgün getmədikdə yaranır. Yanma prosesi əsasən qaz cihazının yerləşdiyi otaqda kifayət qədər hava olmadıqda pozulur. Qazın yanması üçün oksigen tələb olunur. Əgər otaqda nəfəslik və ventilyasiya ilə təmin olunan hava dövranı yoxdursa, bu, yanma prosesini əngəlləyir və dəm qazının yaranma ehtimalını artırır”.
Elmar Nurəliyev bildirib ki, hamam otağında qaz cihazları quraşdırılıbsa, mütləq təhlükəsizlik qaydalarına əməl olunmalıdır:
“Dəm qazı əsasən hamam otaqlarında yaranır. Təhlükəsizlik baxımından hamam otaqlarında qaz cihazlarının quraşdırılması məqsədəuyğun deyil. Lakin belə cihazlar artıq quraşdırılıbsa, mütləq şəkildə nəfəslik, ventilyasiya və havalandırma təmin edilməli, otağın sahəsinə diqqət yetirilməlidir. Hamam otağının sahəsi minimum 7,5 kvadratmetr, hündürlüyü isə 2,2 metr olmalıdır. Qapının aşağı hissəsində havalandırma üçün dəliklər, həmçinin dəm qazına qarşı detektor quraşdırılmalıdır. Bu tələblərə əməl edildikdə təhlükəsizlik tədbirləri görülmüş hesab olunur və insanları dəm qazının qurbanına çevrilməkdən qorumaq mümkün olur”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top