
Rusiya Prezidenti Vladimir Putin Qrenlandiyanın qiymətinin 200 milyon dollardan 1 milyard dollara qədər dəyişə biləcəyini bildirib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə onlayn görüşdə danışıb.
Onun sözlərinə görə, Qrenlandiyanın ərazisi Alyaskanın ərazisindən bir qədər böyükdür və təxminən 450 000 kvadrat kilometr fərq var.
“Əgər bunu ABŞ-nin Alyaskanı aldığı qiymətlə müqayisə etsək, Qrenlandiyanın qiyməti təxminən 200-250 milyon dollar olar”, - Putin bildirib.
“O vaxtkı qızıl qiymətləri ilə müqayisədə isə bu rəqəm daha yüksək, yəqin ki, bir milyarda yaxın olar. Amma düşünürəm ki, ABŞ bu rəqəmin öhdəsindən gələ bilər”, - Putin əlavə edib.
Qeyd edək ki, Qrenlandiya ərazisinə görə Alyaskadan xeyli böyükdür və təxminən 2 166 086 kvadrat kilometr ərazini əhatə edir. Adanın ərazisinin təxminən 80%-i (təxminən 1,7–1,8 milyon kvadrat kilometr) buz təbəqəsi ilə örtülüdür. Digər tərəfdən, Alyaskanın sahəsi təxminən 1 717 856 kvadrat kilometrdir. ABŞ Alyaskanı 1867-ci ildə Rusiya İmperiyasından 7,2 milyon dollara almışdı.
Tətbiqimizi yükləyə bilərsiniz