
Çempionlar Liqasının əsas mərhələsində sondan bir əvvəlki turun (VII) oyunlarına yekun vurulub.
Yeniavaz.com xəbər verir ki, İspaniya çempionu “Barselona” səfərdə Çexiya “Slaviya”sını 2:4 hesabı ilə məğlub edib.
Almaniya çempionu “Bayern Münhen” 63-cü dəqiqədə azlıqda qalsa da, azarkeşləri önündə Belçika təmsilçisi “Royal Union”un öhdəsindən gələ bilib – 2:0.
Klublararası Dünya Çempionu “Çelsi” Londonda Kiprin “Pafos” klubu üzərində minimal hesablı qələbə qazanıb – 1:0.
Turinin “Yuventus” klubu isə doğma meydanında Joze Mourinyonun “Benfika”sını 2:0 hesabı ilə məğlub edib.
Səfərdə “Marsel”in qonağı olan İngiltərə çempionu “Liverpul” rəqibini darmadağın edib – 0:3.
Gecənin digər qarşılaşmalarında “Atalanta” azarkeşləri önündə “Atletik Bilbao”ya məğlub olub – 2:3. “Nyukasl” isə doğma meydanında PSV üzərində əzmkar qələbə qazanıb – 3:0.
Qeyd edək ki, ötən gün daha erkən başlayan oyunlarda təmsilçimiz “Qarabağ” möhtəşəm geridönüş edərək Almaniyanın “Ayntraxt Frankfurt” klubunu 3:2 hesabı ilə məğlub edib. Türkiyə təmsilçisi “Qalatasaray” isə Madrid “Atletiko”su ilə heç-heçə edib – 1:1.
Tətbiqimizi yükləyə bilərsiniz