
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Qəzza zolağındakı vəziyyəti həll etmək üçün yaradılan Sülh Şurasına qoşulacağını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş nazirin ofisi bəyanat yayıb.
“Baş nazir Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dünya liderlərinin də daxil olacağı Sülh Şurasına qoşulmaq üçün dəvətini qəbul etdiyini açıqlayıb”, - deyə ofisin bəyanatında bildirilir.
Qeyd edək ki, Tramp İsrail və HƏMAS hərəkatı arasında əldə edilən razılaşmalara uyğun olaraq Qəzza zolağının idarəçiliyini öz üzərinə götürəcək bu beynəlxalq quruma sədrlik etmək niyyətindədir. “Bloomberg”in məlumatına görə, ABŞ Prezidenti şuranın səlahiyyətlərini və nizamnaməsini 22 yanvarda Davosda keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində təsdiqləməyi planlaşdırır.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, Sülh Şurasının nizamnamə layihəsində onun təkcə Qəzza zolağı ilə deyil, həm də münaqişədən təsirlənən digər ərazilərlə də məşğul ola biləcəyi göstərilir.
Tətbiqimizi yükləyə bilərsiniz