
Orqan transplantasiyası bir çox hallarda xəstələr üçün yeni həyat şansı yaratsa da, əməliyyatdan sonrakı mərhələ xüsusi diqqət və məsuliyyət tələb edir.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanda son illər ərzində yüzlərlə orqan transplantasiyası əməliyyatı uğurla həyata keçirilib və bu əməliyyatlar nəticəsində çoxsaylı xəstələr sağlamlıqlarını bərpa edərək gündəlik həyatlarına qayıdıblar.
Bəs transplantasiyadan sonra xəstələrin həyat tərzində hansı dəyişikliklər baş verir? Dərmanların müntəzəm qəbulu nə qədər vacibdir və qidalanma ilə bağlı hansı məhdudiyyətlər mövcuddur?
Mövzu ilə bağlı Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyasını uğurla həyata keçirmiş cərrah-transplantoloq Mircəlal Kazımi Yeniavaz.com-a açıqlama verib.
Mircəlal Kazımi bildirib ki, orqan transplantasiyası olunmuş xəstələr normal həyata, ailələrinə və peşə fəaliyyətlərinə qayıda bilirlər:
“Orqan transplantasiyası olunmuş xəstələr köçürülmüş orqandan asılı olmayaraq normal həyata, cəmiyyətə, ailələrinə və gördükləri peşəkar işlərinə qayıdırlar. Eyni zamanda istər əqli, istərsə də fiziki işlərin görülməsində orqan köçürülməsinin hər hansı bir maneəsi yoxdur”.
“İnsanlar bu dərman preparatlarını hər zaman öz yanlarında aparmalıdırlar”
Mircəlal Kazımi qeyd edib ki, orqan köçürülmüş şəxs həyatı boyu müəyyən dərman preparatlarını qəbul etmək məcburiyyətindədir:
“Xüsusilə də orqanizmin immunitetini zəiflədən, immunosupressiv adlandırdığımız dərman preparatlarını qəbul etmək məcburiyyətindədir. Qəbul olunmuş bu preparatlar orqan rəddinin qarşısını almaqda ən əsas vasitədir. Bu dərmanları qəbul edən şəxslərdə orqan rəddinin qarşısı alınmış olur. Bununla yanaşı, immuniteti zəiflədən bu dərmanlar digər insanlara – yəni orqan köçürülməsi olunmayan şəxslərə nisbətən immuniteti zəiflətdiyi üçün müəyyən viral və infeksion xəstəliklərə qarşı daha həssas olurlar, daha açıq olurlar. Bu baxımdan həmin şəxslər müəyyən mənada əməliyyat olunmayan insanlara nisbətən özlərini qorumaq məcburiyyətindədirlər. Yəni mövsümi qriplərdən tutmuş, eyni zamanda müəyyən tibbi müdaxilələrdə gigiyenik şərtlərə əməl etməlidirlər ki, infeksion və viral xəstəliklərə yoluxmasınlar”.
Mircəlal Kazımi onu da qeyd edib ki, əməliyyatdan sonrakı dövrdə həmin dərman preparatlarının dozasını artırmaq, azaltmaq və ya özbaşına dayandırmaq qəti qadağandır: “Müəyyən aralıqlarla, köçürülmüş orqandan asılı olaraq, xəstələr həkim nəzarətində olmalıdırlar. Müəyyən aralıqlarla xəstəxanaya gəlib analizlərini verməli, tibbi müayinələrdən keçməli və bu şəkildə dərmanların dozası əməliyyatdan sonrakı dövr üçün tənzimlənməlidir. Bu, vacib şərtlərdəndir. Digər tərəfdən, əməliyyat olunmuş xəstələr yaşadıqları yerdən asılı olmayaraq həmin dərman preparatları ilə mütləq şəkildə təmin olunacaqlarına arxayın olmalıdırlar. Xüsusilə də səfərə gedənlər, iş yerləri evdən uzaqda olan insanlar bu dərman preparatlarını hər zaman öz yanlarında aparmalıdırlar”.
“Qidalanma rejimlərini ciddi şəkildə nəzarətdə saxlamalıdırlar”
Mircəlal Kazımi vurğulayıb ki, əməliyyat olunmuş şəxslər öz qidalanma rasionlarını və qidalanma rejimlərini də ciddi şəkildə nəzarətdə saxlamalıdırlar:
“Əslində, orqan köçürüldükdən sonra normal həyata qayıtdıqda əməliyyat olunmamış insanlarla onların dietası arasında xüsusi bir fərq yoxdur. Amma ümumilikdə hər kəs üçün zərərli olan spirtli içkilər, enerji içkiləri, kola, çips kimi qidaların qəbulu zərərlidir. Xüsusilə uşaqlara, körpələrə, yeniyetmələrə bu qidaların qəbulu qəti şəkildə məsləhət görülmür. Digər tərəfdən, süni şəkildə hazırlanmış, texnoloji istehsaldan keçmiş, paketlənmiş qidalar ümumiyyətlə sağlamlığa zərərlidir. Xüsusilə də bu tip insanlar üçün bunların içərisində spirtli içkiləri, enerji içkilərini və tütün məhsullarını, yəni siqaretdən istifadəni qeyd etmək istəyirəm ki, bunlar ciddi şəkildə insan orqanizminə zərər verir. Nəticə etibarilə onsuz da immuniteti zəifləmiş orqanizmi bir az da zəiflədərək fürsətçi infeksiyaların orqanizmə keçməsinə və yanaşı xəstəliklərin yaranmasına səbəb olur”.
Mircəlal Kazımi bildirib ki, əməliyyatdan sonrakı dövrdə hər şey qaydasında getdiyi halda bu insanlar uzun müddət həyatlarını davam etdirə bilirlər:
“Məsələn, onu qeyd etmək istəyirəm ki, mənim şəxsi təcrübəmdə ilk dəfə ölkəmizdə və regionda qaraciyər transplantasiyası 2008-ci ilin 12 dekabr tarixində həyata keçirilib və ilk transplantasiya etdiyimiz xəstəmiz hazırda normal şəkildə, hər hansı tibbi problem olmadan həyatına davam edir. Məsələ burasındadır ki, hər şey tibb müəssisəsindən, həkimdən və xəstənin yaxınlarından asılı deyil. Xəstənin özünün də əməliyyatdan sonrakı dövrdə deyilmiş şərtlərə əməl etməsi, dərman preparatlarını vaxtında qəbul etməsi, həyat tərzinə diqqət yetirməsi həm özünün, həm də köçürülmüş orqanın ömrünün uzanmasına səbəb ola bilir”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz