
Moldova MDB ilə əsas müqavilələri ləğv etmək prosesinə başlayıb ki, bu da onun təşkilatdan çıxmasına imkan verəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Moldovanın Baş nazirinin müavini və xarici işlər naziri Mihay Popşoy “Moldova Radiosu”nda danışıb.
“Moldova Müstəqil Dövlətlər Birliyinə üzvlüyünün əsasını təşkil edən üç əsas müqaviləni ləğv etmək prosesinə başlayıb: MDB Nizamnaməsi, MDB-nin yaradılması haqqında Saziş və müvafiq əlavə. Onların rəsmi ləğvindən sonra ölkəmiz MDB-nin üzvü olmağı dayandıracaq, baxmayaraq ki, onun təşkilatda faktiki iştirakı daha əvvəl dayandırılıb. Bu sənədlər yekun təsdiq üçün parlamentə təqdim ediləcək”, - Baş nazirin müavini bildirib.
Onun sözlərinə görə, fevralın ortalarına qədər hökumətin ləğv prosesləri başa çatacaq. Bundan sonra parlament qərar qəbul edəcək və bu qərar təsdiq üçün prezidentə təqdim olunacaq.
Qeyd edək ki, Moldovanın MDB-yə münasibəti Maya Sandunun 2020-ci il prezident seçkilərində qələbəsindən, Avropa Birliyi ilə inteqrasiyaya sadiq olduğunu bəyan etməsindən və Birlik sammitlərində iştirak etməkdən imtina etməsindən sonra dəyişməyə başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz