Nadir “Ferrari” rekord qiymətə satıldı – Fotolar


1962-ci il istehsalı olan “Ferrari 250 GTO” kupesi ABŞ-də keçirilən hərracda rekord məbləğə satılıb.
Yeniavaz.com
xəbər verir ki, hərrac “Mecum” hərrac evində keçirilib.
Hərrac evinin məlunatına görə, avtomobil 38,5 milyon dollara satılıb.
“Ferrari 250 GTO” ardıcıl üç dəfə (1962-1964) GT Dünya Çempionatının qalibi olub.
Bu avtomobilin unikallığı ondan ibarətdir ki, o, ağ rəngə boyanmış yeganə “Ferrari 250 GTO” kupesidir. Onu Britaniya yarış komandasının sahibi Con Kombs alıb.
Bu “Ferrari 250 GTO” əsasən Böyük Britaniyada yarışıb. 1963-cü ildə “Brends Hetç” yarışında öz sinfində qalib gəlib. “Qudvudda” isə avtomobil iki dəfə ikinci yeri tutub. Qrehem Hill, Cek Sirs, Roy Salvadori və Riçi Qinter də daxil olmaqla məşhur yarış pilotları bu avtomobildə yarışıblar.
“Təqaüdə çıxdıqdan” sonra avtomobil aerodinamik tədqiqatlar üçün “Jaguar” mühəndislərinə təhvil verilib. Daha sonra avtomobil 1999-cu ilə qədər Cek Sirs tərəfindən alınıb. Daha sonra isə avtomobilə Con Kombs sahib olub.
Bütün “Ferrari 250 GTO”lar kimi, bu idman avtomobili də 300 at gücündə 3,0 litrlik V12 mühərriki ilə təchiz olunub. O, 100 km/saat sürəti 6 saniyəyə yığa və 280 km/saat maksimal sürətə çata bilir.
Bu idman avtomobillərindən 36 ədəd istehsal olunub və onlar hazırda brendin ən bahalı avtomobilləridir. Belə ki, “Ferrari 250 GTO”nun qiyməti bəzən 70 milyon dollara qədər çatır.

DİGƏR XƏBƏRLƏR

Top