“Liv Bona Dea”dan dedilər ki, “sadəcə, “smen”lə bəxtiniz gətirməyib”


“Əli və Nino” mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli paytaxtda yerləşən “Liv Bona Dea” xəstəxanasında göstərilən xidmətdən narazılığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o öz sosial media hesabında yazıb.
N. Köçərli bildirib ki, yanvarın 14-də, səhər saat 7-də planlı açıq ginekoloji əməliyyat üçün həyat yoldaşı Şahbaz Xuduoğlu ilə birlikdə “Liv Bona Dea” xəstəxanasına gedib:
“Ödənişdən sonra, saat 7:30-da personalın tələbi ilə Şahbaz bəydən 1-ci mərtəbədə, liftin qarşısında ayrıldım və onu bir daha yalnız saat 15:00-da yarıcan vəziyyətimdə gördüm.
Əməliyyatdan sonra ayılanda dəhşətli ağrı hiss etdim. Həyatımda keçirdiyim ilk əməliyyat deyildi. Üstəlik, yetkin bir insan kimi bilirəm ki, əməliyyatdan sonra ağrı olur, olmalıdır da. Amma bu ağrı o ağrı deyildi. “Çox pisəm, xahiş edirəm, əlavə anesteziya vurun”, – dedim.
Əvvəl bir tibb bacısı “kapelnitsa” qoymaq üçün yaxınlaşdı. Əlindəki qabı yaramın üstünə atdı. Ağrıdan “Axı siz nə edirsiniz?” deyə qışqırdım.
Sonra yenə yalvardım: “Xahiş edirəm, əlavə anesteziya edin”. Bir anlıq fikirləşdim ki, bəlkə məni ciddi qəbul etmirlər? Dedim: “Ağrı 10 ballıq şkalada 10-dur, artıq dözə bilmirəm”. Ətrafımda insanlar olsa da, yalvarışlarıma heç bir reaksiya verilmirdi. “Mən iki dəfə qeysəriyyə əməliyyatı keçirmişəm, belə bir ağrı heç vaxt olmayıb, xahiş edirəm, mənə kömək edin”, – deyə əlavə etdim.
Bu yalvarışlara baxmayaraq, heç kim mənə kömək etmədi. Ağrıdan huşumu itirib ayılanda yenə onlara yalvardım. Nəhayət, kimsə dedi ki, əlavə anesteziya üçün ödəniş tələb olunur. “Təbii ki, xahiş edirəm, edin”, – dedim. Sonra bir müddət yenə heç nə baş vermədi. Ayılıb görürdüm ki, ağrı daha da kəskinləşir, amma ətrafda heç kim yoxdur. Hardansa gülüş səsləri gəlirdi. Bir dəfə su xahiş etdim. Bilirəm ki, su olmaz amma heç olmasa dodaqlarımı islada bilərdilər...
Nəhayət, anesteziya üçün kimsə yaxınlaşıb çevrilməyimi istədi. Amma onlar da başa düşmürdülər ki, mən tərpənmək gücündə deyiləm, bədənimdə ağrıdan başqa heç bir hissim yoxdur. Anesteziya vuruldu və mən yuxuya getdim”.
N. Köçərli bildirib ki, oyananda son dərəcə kobud rəftarla üzləşib.
“Nəhayət, məni palataya gətirdilər. Saat artıq 15:00 idi. Şahbaz bəyi gördüm. Bəlli oldu ki, o, bu müddət ərzində heç bir məlumat ala bilməyib. Onu 1-ci mərtəbədə “burada gözləyin” deyib saxlayıblar. Sonradan məlum oldu ki, xəstəxanada video görüntülü gözləmə otağına, palataya və hətta tibb bacısının dediyinə görə, reanimasiya otağına da dəvət edə bilərdilər.
Normalda 1-2 saatlıq əməliyyatın 6 saat uzanmasının səbəbi barədə nə əməliyyat zamanı, nə də əməliyyatdan sonra yoldaşıma heç kim məlumat verməyib. Əvəzində o, qapı-qapı, mərtəbə-mərtəbə qaçaraq elementar bir məlumat almağa çalışıb. Sonradan məlum oldu ki, yer olmadığı üçün (halbuki əməliyyatım planlı idi) məni ginekoloji yox, kardioloji şöbədə əməliyyat ediblər”.
O bildirib ki, şikayət etdikdən sonra türkiyəli bir xanım kameraların yoxlanılacağını, tibb personalı ilə bağlı araşdırma aparılacağını və məlumat veriləcəyini deyib:
“Liv Bona Dea”da 3 gün qaldım, dəfələrlə “kamera araşdırması nə oldu?” deyə soruşdum. Heç nə.
Yanvarın 16-da, nəhayət, xəstəxanadan çıxdım. Qapıdan çıxanda yoldaşım boynumdan sallanan şlanqı gördü. Məlum oldu ki, bu, epidural anesteziyadan sonra qalan və həmin gün çıxarılmalı olan şlanq və yara bandlarıdır. Təsəvvür edin ki, 3 gün ərzində heç kim buna baxmayıb və maraqlanmayıb. 1 saatdan sonra çıxartdılar.
Xəstəxanadan evə qayıdandan sonra tanış tibb bacısını evə çağırdım. Məlum oldu ki, belimdə olan yara bandları hələ də qalır. Üstəlik, indi belimdə dərinin bişməsindən daha ağır bir əziyyət çəkirəm.
Sırağagün (16 yanvar – red.) Şahbaz bəy bu barədə kiçik bir “Facebook” postu paylaşıb. Ondan sonra kardioloji şöbədən bir nəfər onunla əlaqə saxlayıb dedi ki, “sadəcə, “smen”lə bəxtiniz gətirməyib”.
N. Köçərlinin iddiaları ilə bağlı adıçəkilən səhiyyə müəssisəsindən məlumat almaq cəhdlərimiz uğursuz oldu.

DİGƏR XƏBƏRLƏR

Top