Dünyanın ən varlı insanlarının ümumi sərvəti rekord həddə çatdı


“Oxfam” təşkilatının bu gün açıqladığı illik hesabata görə, dünya milyarderlərinin sərvəti 2025-ci ildə 2,5 trilyon dollar artaraq, yeni rekord həddə çatıb.
Yeniavaz.com
xəbər verir ki, sənəd İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun (WEF) açılışına həsr olunub.
Təşkilatın hesablamalarına görə, milyarderlərin ümumi sərvəti 2020-ci ilin mart ayından bəri 81% artaraq, 18,3 trilyon dollar (15,8 trilyon avro) olub.
“Oxfam”ın məlumatında deyilir ki, planetin ən varlı insanı İlon Mask dünya əhalisinin orta illik gəlirinə bərabər məbləği dörd saniyədə qazanır.
Eyni zamanda, hesabata görə, bəşəriyyətin demək olar ki, yarısı yoxsulluq içində yaşayır. Onların sərvəti qlobal sərvətin yalnız 0,52%-ni təşkil edir, ən varlı 1% isə qalan sərvətin 43,8%-nə sahibdir.
“Biz milyarderlər dövründə yaşayırıq və bu, dünya üçün pis xəbərdir”, - deyə “Oxfam”ın rəhbəri Şarlotta Bekker bildirib.
O qeyd edib ki, ən varlı insanların iqtisadi gücünün demokratiyanı sarsıdan siyasi təsirə çevrilməsi xüsusilə narahatlıq doğurur.
Bekker əlavə edib ki, bu proses və onun bütün dünya üçün mənfi nəticələri ABŞ prezidenti Donald Trampın nümunəsində aydın şəkildə göstərilir, çünki onun varlılara yönəlmiş siyasəti bərabərsizliyi artırır.
Təşkilat milyarderlərə vergi tətbiq etməyi məqsədəuyğun hesab edir ki, bu da onların fikrincə, sərvətin daha ədalətli bölüşdürülməsinə, iqlim dəyişikliyi ilə mübarizəyə və demokratiyanın qorunmasına töhfə verə bilər.

DİGƏR XƏBƏRLƏR

Top