
“Gürcüstanın Qərbyönlü gələcəyi və ABŞ ilə münasibətləri kontekstində ölkənin TRIPP (“Zəngəzur dəhlizi” – red.) layihəsindən və müvafiq nəqliyyat dəhlizlərindən kənarda qalması ciddi risklər yaradır”.
Yeniavaz.com xəbər verir ki, bu fikirləri Gürcüstan–Amerika Azadlıq Alyansının təsisçisi Giorgi Labadze “Biznes Səhəri” verilişində çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, ABŞ-nin bu təşəbbüsə birbaşa marağı son dövrlərdə daha aydın görünməyə başlayıb:
“Bu maraq həm ABŞ Dövlət Departamentinin Tbilisiyə və Ermənistan sərhədinə səfərləri, həm də TRIPP layihəsi ilə bağlı verilən konkret mesajlarda öz əksini tapıb”.
Labadze bildirib ki, Gürcüstanın layihəyə qoşulmasının məqsədəuyğun olduğuna dair açıq siqnallar mövcuddur. Onun fikrincə, iştirak mexanizmi ayrıca müzakirə mövzusu olsa da, ölkənin mövcud təcrübəsi və nəqliyyat infrastrukturu bu layihədə yer almasına imkan verir.
O qeyd edib ki, alternativ marşrutların formalaşması və Gürcüstanın prosesdən kənarda qalması yalnız iqtisadi deyil, eyni zamanda ölkənin regional və geosiyasi roluna da ciddi zərbə vura bilər:
“Əgər Gürcüstan bu layihənin bir hissəsi olmasa, Qərbin Gürcüstanda hansı strateji maraqlarının qala biləcəyi sual altına düşəcək”.
Giorgi Labadze Mərkəzi Asiya istiqamətinə də toxunaraq bildirib ki, ABŞ bu regiona artan maraq göstərir və bu, birbaşa TRIPP təşəbbüsü ilə əlaqəlidir. Onun qiymətləndirməsinə görə, hazırda 20–30 il əvvəl enerji dəhlizlərinin Gürcüstan üzərindən inkişaf etdiyi dövrdəki kimi yeni imkan pəncərəsi açılıb.
Bununla belə, Labadze təəssüf hissi ilə qeyd edib ki, hazırkı mərhələdə Gürcüstan bu proseslərin aktiv iştirakçısı kimi görünmür:
“Halbuki ölkə Ermənistan və Azərbaycanla birlikdə regional əməkdaşlıq çərçivəsində ciddi dividendlər əldə edə bilərdi”.
Ekspert bu fürsətin reallaşmamasını əsasən siyasi amillərlə əlaqələndirib.
Onun sözlərinə görə, Bakıdan Gürcüstan limanlarına mövcud tranzit marşrutları artıq TRIPP layihəsində iştirak üçün real əsas yaradır:
“Lakin buna baxmayaraq, Gürcüstan hazırda prosesdən kənarda saxlanılır və alternativ marşrutlar üzərində iş aparılır”.
“Hazırda Bakıdan Gürcüstan limanlarına qədər mövcud yol müzakirə üçün kifayət qədər ciddi əsasdır. Yüklənmə arta bilərdi, amma biz yenə də bu prosesin xaricindəyik. Alternativlərin axtarılması isə mənim fikrimcə, səhv addımların nəticəsidir”, – deyə Labadze bildirib.
Qeyd edək ki, TRIPP ABŞ və Ermənistan arasında imzalanmış birgə təşəbbüsdür. Layihə Ermənistan ərazisindən keçməklə Azərbaycanın Naxçıvan bölgəsinə maneəsiz kommersiya çıxışının təmin edilməsini nəzərdə tutur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz