
Azərbaycanda yerli süd əsasında kərə yağı istehsalı faktiki olaraq çox aşağı səviyyədədir.
Yeniavaz.com xəbər verir ki, bunu “Kaspi”yə açıqlamasında Azərbaycan süd və süd məhsulları istehsalçıları və ixracatçıları assosiasiyasının sədri Samir Eyyubov deyib.
“Rəsmi statistikada göstərilən "istehsal" rəqəmləri əsasən idxal olunan qaymaqdan emal edilən məhsulların, eləcə də xammal formasında idxal edilən hazır məhsulun ölkə daxilində təkrar qablaşdırılması və ya minimal emalı hesabına formalaşır. Bu səbəbdən statistikada “yerli istehsal” kimi təqdim olunan göstəricilər real bazar vəziyyətini əks etdirmir və bazarın yanlış təhlil olunmasına gətirib çıxarır. Reallıqda kərə yağı üzrə idxaldan asılılıq 90 faizin üzərindədir. Anbarlarda mövcud olan kərə yağının hamısı ya hazır şəkildə idxal edilmiş məhsullardır, ya da xammal formasında xaricdən gətirilərək ölkə daxilində təkrar emal olunmuş məhsullardır. Tam mənada yerli istehsal hesab edilə biləcək məhsul demək olar ki, mövcud deyil”.
S.Eyyubovun sözlərinə görə, 2025-ci ilin ilk 9 ayın statistikasına nəzər yetirdikdə görünür ki, ölkəyə idxal olunan kərə yağının orta idxal qiyməti 2024-cü illə müqayisədə təxminən 18 faiz artıb: “Bu qiymət artımı fonunda aylıq orta idxal həcmlərində təxminən 11 faiz azalma qeydə alınıb. Bundan əlavə, 2024-cü ildə Rusiyaya təxminən 12 min ton kərə yağı ixrac edildiyi halda, 2025-ci ilin ilk 9 ayının göstəricilərinə əsasən, bu rəqəm 2 300 ton səviyyəsinə qədər geriləyib. Nəticədə təkrar emal həcmləri azalıb və bu da statistik "istehsal" göstəricilərinin aşağı düşməsinə səbəb olub. Rusiyaya ixrac həcmlərində baş verən kəskin azalma, yəni əsas satış kanallarından birinin daralması, bazarda balanssızlıq yaradaraq ehtiyatların artması görüntüsünü formalaşdırıb”.
Sədr bu prosesin istehsalçılara necə təsir edəcəyindən də bəhs edib: “Ehtiyatların uzun müddət anbarda saxlanılması istehsalçılar üçün ciddi maliyyə itkisi deməkdir. Bu, məhsulun istifadə müddətinin azalmasına, dövriyyə və likvidlik problemlərinə, nəticə etibarilə isə təkrar maliyyə itkilərinin artmasına səbəb olur. Mövcud ehtiyatlar artıq 2024-cü illə müqayisədə təxminən 18 faiz daha baha olub. Üstəlik, 2026-cı ilin ilk günlərindən etibarən idxal rüsumunun yenidən 15 faizə qaldırılması gözlənilir. Bu amillər qiymətlərin aşağı düşməsinə deyil, əksinə, bazarda ciddi qiymət artımlarına yol aça bilər. Şirkətlər orta hesabla 9-10 faiz qiymət artımı etməyə məcbur qala bilərlər”.
Tətbiqimizi yükləyə bilərsiniz