Tramp Sülh Şurasına üzvlük üçün ölkələrdən 1 milyard dollar tələb edir – “Bloomberg”


Tramp administrasiyası Sülh Şurasında daimi üzvlük üçün ölkələrdən 1 milyard dollar tələb edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin Qəzza Sülh Şurasının nizamnamə layihəsinə istinadən yaydığı məlumata görə, Donald Trump administrasiyası qurumda daimi üzvlük əldə etmək istəyən ölkələrdən ən azı 1 milyard dollar məbləğində ödəniş tələb edir.
Sənədə əsasən, Şuraya üzv olan dövlətlərin səlahiyyət müddəti nizamnamənin qüvvəyə minməsindən sonra üç ildən artıq olmamalıdır. Lakin əgər üzv ölkə ilk il ərzində tələb olunan məbləği ödəyərsə, bu məhdudiyyət tətbiq olunmayacaq. Həmçinin, Şura üzvlərinin səlahiyyət müddətinin uzadılması ABŞ prezidentinin qərarı ilə mümkündür.
Layihədə qeyd olunur ki, Şurada kimin xidmət edəcəyinə birbaşa Donald Tramp qərar verəcək. Qurumun müzakirə etdiyi məsələlər üzrə qərarlar iştirak edən üzv ölkələrin səs çoxluğu ilə qəbul ediləcək, lakin bütün qərarlar prezident tərəfindən təsdiqlənməlidir. Hər üzv ölkənin bir səsi olacaq.
“Bloomberg” vurğulayır ki, bu təşəbbüs Trampın dəfələrlə tənqid etdiyi BMT-yə alternativ və ya rəqib strukturun yaradılması cəhdi kimi qiymətləndirilir və bu, beynəlxalq ictimaiyyətdə narahatlıq doğurur.
ABŞ hökumətinin anonim rəsmisi nəşrə bildirib ki, ölkələr Şuraya pulsuz qoşula bilərlər, lakin 1 milyard dollarlıq ianə daimi üzvlük statusu qazandıracaq. Onun sözlərinə görə, toplanan vəsait birbaşa Qəzza zolağının yenidən qurulması üçün Sülh Şurasının mandatının icrasına yönəldiləcək.
Nizamnamə layihəsinə əsasən, Sülh Şurası ildə ən azı bir dəfə, eləcə də sədrin qərarı ilə digər vaxtlarda və məkanlarda toplaşacaq. Bundan əlavə, rübdə ən azı bir dəfə səsvermə hüququ olmayan icra şurasının iclasları keçiriləcək. Sənəddə Trampın, üzv dövlətlərin üçdə iki səs çoxluğu ilə buna etiraz edilmədiyi halda, istənilən ölkəni Şuradan çıxarmaq səlahiyyətinə malik olacağı da qeyd edilir.
“Bloomberg” xatırladır ki, Tramp Argentinanın prezidenti Javier Milei və Kanadanın baş naziri Mark Karneyni daha geniş Sülh Şurası strukturu çərçivəsində yaradılması planlaşdırılan Qəzza Sülh Şurasına dəvət edib. İsrailin baş naziri Benjamin Netanyahu isə təşəbbüsü tənqid edərək, planın detallarının İsrail tərəfi ilə razılaşdırılmadığını bildirib.
Mənbələrin məlumatına görə, bir sıra Avropa ölkələri də Şuraya qoşulmağa dəvət olunub. Lakin nizamnamə layihəsində Trampın qurumun maliyyə vəsaitlərinə şəxsi nəzarət etməsini nəzərdə tutan müddəa potensial üzvlərin əksəriyyəti tərəfindən qəbuledilməz hesab edilir. Bir neçə ölkənin layihənin mövcud versiyasına qarşı birgə mövqe formalaşdırmaq üzərində çalışdığı bildirilir.
Qeyd edək ki, 16 yanvar tarixində Ağ Ev Qəzza Sülh Şurasının tərkibini açıqlayıb. Şuraya ABŞ dövlət katibi Marko Rubio, Trampın xüsusi nümayəndəsi Steve Uitkoff, prezidentin kürəkəni Jared Kuşner, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleir, amerikalı iş adamı Mark Rovan, Dünya Bankının prezidenti Ajay Banga və ABŞ milli təhlükəsizlik müşavirinin müavini Robert Qabriel daxil edilib.

DİGƏR XƏBƏRLƏR

Top