Çağırıram, dost, dost!


Kiminlə oturub-durmaq haqqında çox yazılıb, çox deyilib. Xüsusilə də, bu gün cürbəcür bəlaların geniş yayıldığı bir dövrdə hər bir valideyn övladını nəzarət altında saxlamalı, kiminlə oturub-durduğunu izləməlidir.
Həzrəti Əli (k.v.) buyurur ki, uşaq valideynlərindən çox öz zəmanəsinə bənzəyir. Əgər bu gün hər addımbaşı qarşımıza əxlaqı pozulmuş, hər cür fitnə-fəsada bulaşmış insanlar çıxırsa, deməli, daha diqqətli olmaq lazımdır. Ən böyük sərvət əxlaqdır, əgər bu gün o sərvətimizə ən müxtəlif istiqamətlərdən hücumlar gəlirsə, insan mütləq dərdini deyə biləcəyi, sirrini aça biləcəyi adamlar axtarmalıdır.

***
Dostluq, səmimiyyət şəxsi müstəvidə deyil, dəyərlər ətrafında qurulanda etibarlı olur. Bu mənada bir-birini dost tutan, sevən iki müsəlman düz xətt üzrə deyil, çox-çox yüksəkdə, hər ikisinin qovuşduğu bir nöqtədə birləşir. Sözlər, fikirlər, hərəkətlər bir-birinin zövqünə, xarakterinə görə deyil, Allahın (c.c.) müəyyən etdiyi çərçivələrdən keçərək birindən o birinə çatır. Bu dostluq sarsılmaz dostluqdur, Allahın bərəkət verdiyi dostluqdur, ölümdən sonra da davam edə biləcək dostluqdur.
Bəzi insanlar bir-birinə öz səmimiyyətlərini bildirəndə “Səni Allah üçün sevirəm” deyirlər. Bir müsəlmanın başqa bir müsəlmanı Allah üçün sevməsi sevilənin Allahın razılığını qazanması üçün çalışması, sevənin də onda bu kefyiyyəti görməsi ilə izah olunur.

***
Könüllər Sultanı Həzrəti Məhəmməd (s.ə.s.) buyurur ki, yaxşı dost əttar (ətir hazırlayan və satan tacir) kimidir. Dükanına gedərsən, oturub söhbət edərsən, heç bir şey almamış çıxıb getsən belə, o dükandan sənin bədəninə hopan gözəl iy günlərlə səni tərk etməz. Pis dost isə dabbaq körükçüsü kimidir, yanında oturarsan, o dərinin, dabbağın iyi canına hopar və sən hara getsən, insanlar sənin bu vəziyyətindən əziyyət çəkərlər.
Təkcə ətir qoxusu, dəri iyi deyil, xasiyyətlər, davranışlar da yoluxucu olur, insanlardan bir-birinə keçir. Bəzən sən fərqinə varmırsan, ancaq birisi ilə uzun müddət oturub-durandan sonra qeyri-iradi olaraq onun hansısa davranışlarını, xüsusiyyətlərini təkrarlayırsan. Bəlkə elə buna görədir ki, Sevimli Peyğəmbərimiz (s.ə.s.) tövsiyə edir ki, bizə Allahı, Axirəti xatırladan insanlarla dost olaq. “Allahı xatırladan” ifadəsi zehinlərdə yanlış təsəvvürlər doğurmasın, bu ifadə Allahdan qorxan, həyatını Ona görə yaşayan şəxsləri nəzərdə tutur.

***
Bir gün Rəsulullah (s.ə.s.) axşamüstü evinə qayıtdı və evinin qapısında ayaq saxladı. Havadan qoxu alırmış kimi duruxdu, üzündə qəribə ifadələr dolaşdı, mübarək dodaqlarından bu sözlər töküldü: “Bü gün bizə dost gəlibmiş...”
Ev əhli: “Yəməndən qəribə bir adam gəlmişdi. “Rəsulumun mübarək camalını görmək istəyirəm”, - deyirdi. Biz də Sənin gec gələcəyini deyincə, iki gözü iki çeşmə dönüb getdi”, - dedi.
Rəsulullah (s.ə.s.) kövrəldi və: “Dost gəlibmiş, dost, Üveys gəlibimiş”, - dedi. Rəsulullahın (s.ə.s.) havadan qoxusunu aldığı Üveys, o mübarək dostun camalına tamaşa etmək, əlinə-ayağına sarılmaq, “Canım fəda olsun sənin yoluna” demək üçün günlərlə yol qət edib Yəməndən Mədinəyə qədər gəlmişdi, evdə tapa bilməyəndə də gözləməmişdi, ağlaya-ağlaya geri qayıtmışdı. Çünki evdən çıxanda qoca, xəstə anasına söz vermişdi. Ona görə də, Mədinəndən Yəmənə qədər gözlərinin yaşı qurumadı. İzində göz yaşı ilə sulanmış rəngbərəng güllər açıldı...

***
Gözəl bir söz var: “Dost istərsən, Allah yetər, həmdəm istərsən, Quran yetər, ibrət istərsən, ölüm yetər”...
Ən böyük dost Allahdır (c.c.). Allahın dostluğu sarsılmazsır, ən etibarlı dostluqdur. Allah Onunla dost olmağın da yollarını açıq-aydın göstərir. Allaha dost olmaq istəyən gərək Hz. İbrahim (ə.s.) kimi hər şeyini Dostu yolunda fəda etməyi bacarsın, “Bir əlimə Günəşi, bir əlimə Ayı versələr, mən yenə bu davadan əl çəkmərəm” deyən Rəsulullah (s.ə.s.) kimi aldığı hər nəfəsi, atdığı hər addımı Allah rizasına yönəldə bilsin.
Allah (c.c.) Qurani-Kərimdə bizə bu mövzuda bir çox dəyərli tövsiyələr verir: Allahın rənginə boyanın! Allahın ipinə sarılın! Əlbəttə, eyni rəngə boyananlar, eyni ipə sarılanlar bir-birini asanlıqla seçir, bir-birini asanlıqla başa düşir. Eyni atmosferi paylaşanlar, eyni iqlimdə yaşayanlar bir-birinə dəstək verir, bir-birinə kömək olur. Bizdən istənən dostluq budur. Bizdən gözlənən səmimiyyət budur. Bütün münasibətlərimizin təməlində bu prinsip dayanmalıdır.
Dinimizin buyruğuna görə, müsəlman mənən ona yaxın olanlarla oturub-durmalı, dərdini, sevincini paylaşmalıdır. Qurani-Kərimdə bu haqda belə buyurulmaqdadır:
“Sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur!” (Bəqərə-107)
“Kim Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (bilsin ki,) qələbə çalanlar məhz Allahın firqəsidir”. (Maidə-56)

***
Sevimli Peyğəmbərimiz (s.ə.s.) bir hədisi-şərifində belə deyir: “İnsan dostunun dini üzrədir. O halda sizdən hər biriniz dost seçdiyiniz adama diqqət etsin! Pis dostdan uzaq durun! Çünki adınız onunla birlikdə tanınar! Ancaq həqiqi möminlərlə dost olun! İkiüzlü ilə dostluq qurmayın! İnsan ancaq sevdiyi ilə bir olur!”
Bu gün bir çoxumuz öz dəyərlərimizdən xəbərsizik. Ona görə də, yad dəyərlərlə yetişmiş insanlara həsəd aparırıq. Heç də düşünmürük ki, bu halımızla nə qədər miskin, nə qədər aciz görünürük. Göydən bərəkət yağmuru yağa, ancaq o bərəkətdən başımıza bircə damcı da düşməyə. Fəlakət dediyin zəlzələ deyil, sel deyil, bax təsvir etdiyimiz və içində olduğumuz bu mənzərədir. Yəni, bütün məqamlarda bizə lazım olan keyfiyyətləri, məziyyətləri öz ətrafımızda axtarmalıyıq. Bizimlə eyni dəyəri paylaşan, eyni qibləyə yönələn insanlarda tapmağa çalışmalıyıq. Dostluq iradi seçimdir. Dost olmaq istəyən əvvəlcə gərək dost olmağı bacarsın.

***
Bir könül əhli dünyada son anlarını yaşayırmış. Yanındakılardan biri təsəlli vermək üçün: “Allaha qovuşursan”, - deyir. Həmin könül əhli də ona tərəfə çevrilir və təbəssüm dolu çöhrə ilə: “Mən nə vaxt ondan ayrı oldum ki?”, - deyə cavab verir. Niyazi Misri isə belə deyir:

Baxıb camali-yarə,
Çağırıram, dost, dost.
Dil oldu parə-parə,
Çağırıram, dost, dost.

Aradığım candadır,
Canda və həm təndədir,
Bilir ikən məndədir,
Çağırıram, dost, dost.

Həp görünən dost üzü,
Ondan ayırmam gözü,
Getməz dilimdən sözü,
Çağırıram, dost, dost...

***
Və bir də kiminlə oturub, kiminlə durduğumuza, kimə nə verib, kimdən nə aldığımıza fikir verməliyik. Çünki təkcə xəstəliklər deyil ki, xarakterlər də yoluxucu olur. Dostluq dəyərlər ətrafında qurulanda etibarlı olur. Ona görə də, kiminlə və niyə dost olduğunuzu yaxşıca götür-qoy edin. Yəni, elə edin ki, həqiqi dosta ehtiyacınız olanda dostsuz qalmayasınız. Dost olmağı öyrənin ki, dostunuz olsun.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top