
Ağ Ev Qəzza Milli İdarəetmə Komitəsinin rəhbərini, həmçinin Qəzza “Sülh Şurası”nın tərkibini, elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda öz əksini tapıb.
Məlumata görə, Qəzza Milli İdarəetmə Komitəsinə Fələstin Milli Hakimiyyətinin nümayəndəsi Əli Şaat rəhbərlik edəcək.
Ağ Ev Şaatın dövlət xidmətlərinin bərpası, vətəndaş institutlarının yenidən qurulması və Qəzzada gündəlik həyatın sabitləşdirilməsi istiqamətində fəaliyyət göstərəcəyini, eyni zamanda, uzunmüddətli idarəetmə mexanizmlərinin formalaşdırılmasına rəhbərlik edəcəyini bildirib.
Həmçinin, ABŞ Prezidenti Donald Trampın sədrlik etdiyi “Sülh Şurası"na onun xüsusi nümayəndəsi Stiven Uitkoff, sahibkar və Amerika liderinin kürəkəni Cared Kuşner, Böyük Britaniyanın keçmiş Baş naziri (1997-2007) Toni Bleyer, “Apollo Global Management” investisiya şirkətinin sahibi Mark Rouen, Dünya Bankının baş direktoru Ajay Banqa və Trampın milli təhlükəsizlik üzrə müşavirinin müavini Robert Qabriel daxil olacaq.
BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə keçmiş xüsusi koordinatoru Nikolay Mladenov "Sülh Şurası"nın Qəzza zolağında nümayəndəsi vəzifəsini icra edəcək.
O, Sülh Komitəsi ilə Qəzza Milli İdarəetmə Komitəsi arasında yerində koordinasiyanı təmin edəcək, mülki və təhlükəsizlik strukturları arasında əlaqələndirmə aparacaq və Qəzzanın idarə olunması, yenidən qurulması və inkişafı proseslərində Sülh Komitəsinə dəstək göstərəcək.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) xüsusi əməliyyat qüvvələrinin keçmiş komandanı general-mayor Casper Ceffers Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin komandanı təyin edilib.
Bundan əlavə, bəyanata görə, Mladenovun ofisi nəzdində fəaliyyət göstərəcək anklavın səmərəli idarəçiliyini dəstəkləmək üçün Qəzza İdarəetmə Şurası yaradılıb.
Şuraya Mladenov, Uitkoff, Kuşner, Bleyer və Rovanla yanaşı, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Misir Baş Kəşfiyyat İdarəsinin direktoru Həsən Rəşad, BƏƏ-nin Beynəlxalq Əməkdaşlıq üzrə dövlət naziri Rim əl-Haşimi və Niderlandın keçmiş Baş nazirinin müavini Siqrid Kaaq daxil olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz