
Çeçenistan lideri Ramzan Kadırovun oğlu Adam Kadırov Qroznıda yol qəzasına düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kavkaz.Realii” nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Adam Kadırov ağır və huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, Qroznıdakı Respublika Xəstəxanasında müalicə olunur. Məlumata görə, zərərçəkən reanimasiyadadır və Moskvaya daşınmağa hazırlanır.
Mənbələrə görə, Kadırovun korteji yüksək sürətlə hərəkət edirdi. Qəzada bir neçə nəqliyyat vasitəsi iştirak edib, Adamdan başqa da xəsarət alanlar var.
Qroznı yolları qəzadan sonra bağlanılıb. Xüsusilə, Kadırovun müalicə aldığı xəstəxanaya aparan yollar bağlanıb.
Qeyd edək ki, 18 yaşlı Adam Kadırov Çeçenistan lideri Ramzan Kadırovun ən məşhur övladlarından biridir. 2023-cü ilin sentyabrında Ramzan Kadırov, o vaxtlar 15 yaşlı Adamın Quranı yandırmaqda ittiham olunan Nikita Juraveli istintaq təcridxanasında döydüyünü göstərən video yayımlayıb. Çeçenistan rəhbəri daha sonra oğlu ilə fəxr etdiyini bildirib. Bundan sonra Adam Kadırov müxtəlif mükafatlar almağa başladı və özü Çeçenistanda bir sıra yüksək vəzifələr tutdu. Xüsusilə, Adam Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi və respublika Daxili İşlər Nazirliyinin kuratorudur.
Tətbiqimizi yükləyə bilərsiniz