
(Həyat dərsi)
Bir vaxtlar bir qadın həyat yoldaşını və oğlunu tərk edərək getmiş və bir daha onu görən olmamışdı. Həyat yoldaşı isə bir müddət gözləmiş və sonra da evlənmişdi...
Bir-neçə il sonra uşaq məktəbə başladı. Ancaq o, dərslərini o qədər də yaxşı oxumurdu. Yaşıdları arasında ən tənbəl şagird o idi. Dərslərini yaxşı oxumadığı üçün atası və ögey anası onu tez-tez təhqir edir, alçaldırdı. Bu isə onu dərslərindən daha da soyudurdu.
Hamı onu axmaq kimi tanıyırdı. Atası onun oxumağa həvəsi olmadığını düşünürdü. Ögey anası da atası ilə eyni fikirdə idi. Nəhayət, atası onu məktəbdən çıxarıb bir ustanın yanına qoydu. Ancaq uşaq burada da özünü göstərə bilmədi. Bu isə onun atası və ögey anası tərəfindən daha çox təhqir edilməsinə və alçaldılmasına səbəb oldu.
Bir gün uşaq uzun illər əvvəl onu tərk edən anasından bir məktub və bir bağlama aldı. Anası bu məktubda onu unutmadığını və sevdiyini yazırdı. Bir də anası bu məktubda onu uzun illər əvvəl tərk etməyə məcbur olduğunu bildirirdi. Bağlamadan isə bir skripka çıxmışdı. O gündən uşaq tamam dəyişdi. Həm məktuba, həm də skripkaya çox sevinmiş, ancaq ən çox anasının onu unutmadığına və sevdiyinə şad olmuşdu.
O gündən uşaq skripkanı demək olar ki, əlindən yerə qoymadı. Atasından xahiş edərək skripka dərslərinə getdi. Qısa bir vaxtda o qədər gözəl skripka çalmağa başladı ki, hamı heyran qaldı. Sanki skripkanı bu qədər gözəl çalan o “tənbəl”, “axmaq”, “bacarıqsız” uşaq deyildi? Atası və ögey anası az qala skripkada sirr olduğuna inanmağa başlamışdı.
Günlər keçir, uşaq skripka çalmaqda daha da ustalaşırdı. Ancaq yenə də həm ailəsini, həm dost-tanışlarını bir şey maraqlandırırdı: “Bu hadisə necə baş vermişdi?”
Nəhayət, bir gün atası uşağından xəbərsiz skripkanı götürüb bir müdrik qocanın yanına getdi. O, müdrik qocadan bu işin sirrini öyrənmək istəyirdi. Bəlkə elə doğrudan da skripkada sirr idi? Müdrik qoca atanı gözləri uzaqlara baxaraq, dinlədi və axırda üzünü ataya tutaraq, dedi: “Əziz dostum! Nə skripkada sirr var, nə də oğlunuz düşündüyünüz kimi tənbəl, axmaq və bacarıqsızdır. Onun bu yaxınlara qədər uğursuzluğunun səbəbi isə anasının onu unutduğunu, sevmədiyini düşünməsi idi. Heç bir şey insanı unudulmaq qədər yaralaya bilməz. Heç bir şey insana sevilməmək qədər zərbə vura bilməz. Bu gün qazandığı uğurlar isə anasının onu unutmadığını, əksinə sevdiyini başa düşməsindən irəli gəlir. Əsl sirr elə budur”.
Tətbiqimizi yükləyə bilərsiniz