Nadir “Ferrari” hərraca çıxarılır


“Gooding Christie's” hərrac evi nadir “Ferrari 288 GTO” avtomobilini satışa çıxarır.
Yeniavaz.com
“auto.ru”ya istinadla xəbər verir ki, avtomobilin 6-7 milyon avroya satılması gözlənilir.
Satışa çıxarılan kupe 1984-cü ildə istehsal olunub və istehsal olunduğu gündən 1500 kilometrdən bir qədər çox yol qət edib.
“Ferrari 288 GTO” idman avtomobili kimi istehsal edilsə də, heç vaxt yarışlarda iştirak etməyib.
Avtomobil beşpilləli mexaniki transmissiya ilə birləşdirilmiş 400 at gücündə 2,8 litrlik V8 mühərriki ilə təchiz olunub.
Satışa çıxarılan model əvvəlcə Siciliyadan olan “Ferrari” həvəskarına məxsus olub və 1994-cü ildə hazırkı sahibi tərəfindən alınıb.
Hərrac təşkilatçıları onu kolleksiyaçı və keçmiş “Formula 1” komandasının meneceri kimi təqdim etsələr də, adı açıqlanmayıb.
Kupe olduqca yaxşı vəziyyətdə saxlanılıb. Bunu onun alt hissəsində hələ də orijinal mum örtüyünün qalması, həmçinin, üzərində hələ də zavod təkərlərinin olması da sübut edir.
2024-cü ildə avtomobil rəsmi “Ferrari Classiche” sertifikatını alıb.
Qeyd edək ki, “Ferrari” bu modeldən cəmi 272 ədəd istehsal edib.


DİGƏR XƏBƏRLƏR

Top