
Sosial media asılılığı, artıq yalnız gəncləri deyil, orta yaşlı və yaşlı insanları da təsir altına alıb.
Yeniavaz.com xəbər verir ki, əvvəllər yalnız gənclərdə müşahidə edilən bu problem indi daha geniş yaş qruplarını əhatə edir.
İnsanlar gündəlik həyatlarında telefona bir neçə dəqiqəlik vaxt ayırmağı planlasalar da, əslində saatlarla “TikTok”, “Facebook”, “Instagram” və digər sosial platformalarda vaxt keçirirlər. Hətta evlərdə insanlar bir-biri ilə ünsiyyət qurmaq əvəzinə, telefonlarına fokuslanaraq vaxt keçirirlər.
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan həkim-nevropatoloq Qalib Əsədov bildirib ki, insan beyni yeni məlumatlar aldıqca, yaxşı hiss edir və buna görə də daim yeni informasiya axtarır:
“Təkcə insanda yox, bütün canlılarda yeni informasiya aldıqda beyində pozitiv mərkəz, yəni müsbət emosiyalarla bağlı mərkəz oyanır. Ona görə də anadan doğulduğumuz gündən ölənə qədər yeni informasiya axtarırıq, bizi maraqlandıran sahələr üzrə yeni məlumatlar əldə etməyə çalışırıq. Bu, tarix yaranandan, bəri mövcud olan bir ehtiyacdır. Yeni informasiya almağa tələbat var və bu təkcə insanlarda yox, bütün canlılarda mövcuddur. Əvvəllər informasiyanı kitabdan, qəzetlərdən və televiziyadan alırdıq. İndi isə sosial şəbəkələrdən alırıq. Məhz buna görə də heç kəs kitab oxumur. İnsanlar sosial şəbəkələrdən özlərinə maraqlı olan sahələr üzrə məlumatları əldə edirlər”.

Qalib Əsədov
Psixoloq Sevinc Həbibova isə bildirib ki, sosial şəbəkələrin artması insanların bir-birindən uzaqlaşmasına və ünsiyyətin azalmasına səbəb olub:
“İnsanlar tədricən tənhalaşmağa başlayıb. Bundan əvvəl insanlar bir-birlərinin evinə rahat gedərdi, qonaq gələrdi. Düzdür, o vaxt insanların çoxu kiçik evlərdə yaşayırdı, amma daha xoşbəxt idilər. Hamı hamının evinə gedir, danışırdı. Adət-ənənələrimizə baxsaq, məsələn Novruzda ocaq qalayardıq, hamı yığışardı. Telefon yox idi, hər kəs bir-birinin üzünü görmək istəyirdi. Amma indi sosial şəbəkələr artdıqca insanlarda tənhalaşma baş verir. Artıq elə olur ki, hətta toyda, ad günündə, şadlıq sarayında belə insanlar salamlaşandan sonra hərəsi əlində bir telefon kənara çəkilir”.

Sevinc Həbibova
Psixoloq qeyd edir ki, sosial şəbəkələrdən həddən artıq istifadə insanların psixoloji vəziyyətinə mənfi təsir göstərir:
“Hər şey adiləşib, duyğular sönüb. Bir tərəfdən sosial şəbəkələr yaxşıdır, amma digər tərəfdən də pisdir. İnsanlar sosial şəbəkələrdən həddən artıq çox istifadə edirlər. Bunun psixoloji cəhəti də var: insanlar depressiyaya düşür, tənhalaşır. Bu cür insanlar sosial şəbəkələrdən istifadə edərək müəyyən saytlarda ünsiyyət qurmağa çalışırlar. Azyaşlıların, yeniyetmələrin əllərində daim telefon olur. Sosial mediada intihar hadisələri, xoş və xoşa gəlməyən informasiyalar işıqlandırılır və bu da onlara təsir edir”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz