
İsrail qüvvələri Fələstinin HƏMAS hərəkatı ilə atəşkəs elan etdikdən sonrakı aylarda Qəzza zolağında 2500-dən çox binanı dağıdıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerikanın “Planet Labs” şirkətinin peyk görüntülərini təhlil edən “The New York Times” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, müqavilənin şərtlərinə əsasən, İsrail qüvvələrini Qəzza zolağında təyin olunmuş xəttdən geri çəksə də, anklav ərazisinin təxminən yarısı üzərində nəzarəti saxlayıb.
İsrailin nəzarətində olan ərazilərdə tunellər də daxil olmaqla, əksər binalar və infrastruktur dağıdılıb.
Həmçinin, İsrail hərbçiləri HƏMAS-ın nəzarət zonasında demarkasiya xəttindən kənarda onlarla tikilini dağıdıb.
Nəşrin məlumatına görə, İsrailin nəzarətində olan şərqi Qəzzanın bütün ərazilərində bütün məhəllələr, eləcə də kənd təsərrüfatı torpaqları və istixanalar dağıdılıb.
Qəzzalı siyasi analitik Məhəmməd əl-Astal nəşrə bildirib ki, İsrail bütün məhəllələri yerlə yeksan edir. İsrail ordusu yolundakı hər şeyi - evləri, məktəbləri, fabrikləri və küçələri dağıdır. Təhlükəsizlik mülahizələri onların hərəkətlərinə haqq qazandıra bilməz.
Qeyd edək ki, 9 oktyabr 2025-ci ildə İsrail və HƏMAS ABŞ, Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə Trampın təqdim etdiyi sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəldilər.
Növbəti gün Qəzza zolağında atəşkəs qüvvəyə minib. Razılaşmaya uyğun olaraq, İsrail qoşunları anklav ərazisinin 50%-dən çoxuna nəzarəti saxlayaraq, “Sarı Xətt”ə çəkilib. Razılaşmanın ikinci mərhələsi İsrail qoşunlarının anklavdan çıxarılmasını, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini və Sülh Şurası da daxil olmaqla, zolağı idarə edən strukturların işə başlamasını nəzərdə tutur.
Digər tərəfdən, yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp “Sülh Şurası”nın yaradıldığını elan edib. Trampın özünün sədrlik etdiyi quruma təxminən 15 dünya liderinin daxil olacağı gözlənilir. Şura hələ də formalaşmamış Fələstin texnokratik hökumətinə nəzarət edəcək və Qəzza zolağının yenidənqurma prosesinə nəzarət edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz