CIA video yayıb Çin vətəndaşlarını casusluğa dəvət etdi


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ/CIA) Çin vətəndaşlarını əməkdaşlığa dəvət edən video yayıb.
Yeniavaz.com
xəbər verir ki, idarə videonu rəsmi “X” sosial şəbəkə səhifəsində dərc edib.
Çin dilində yayılmış videoda potensial məlumat verənlərin anonimliyini qoruyaraq, MKİ ilə təhlükəsiz əlaqə qurmaq üçün bütün addımlar izah olunur.
Təxminən 2 dəqiqəlik videoda həmçinin aşağıdakı ifadələr yer alır:
“Bu video Mərkəzi Kəşfiyyat İdarəsi ilə təhlükəsiz əlaqə qurmaq üçün bütün addımları təqdim edir. MKİ Çin haqqında həqiqəti bilmək istəyir və biz həqiqəti bilən və deyə bilən insanları axtarırıq”.
İdarə Çinin rəqəmsal nəzarət sisteminə düşməmək üçün qaranlıq internetdən istifadənin və təhlükəsiz VPN əlaqələrinin vacibliyini qeyd edir. Bunun üçün MKİ Qərb şirkətlərindən VPN yükləməyi və istifadə etməyi, əlavə anonimlik üçün “Tor” brauzerindən istifadə etməyi məsləhət görür.
İdarə, həmçinin ictimai WiFi-dan və ya şəxsi olmayan cihazlardan istifadə etməyi tövsiyə edir.
Təlimata görə, şəxsi məlumatları daxil etmədən yeni anonim e-poçt hesabları yaratmaq, izlənilə bilən tətbiqlərdən qaçmaq və əlaqədən sonra izləri silmək də çox vacibdir.  
MKİ yeni və ya işlənmiş cihazları almaq üçün nağd puldan istifadə etməyin zəruri olduğunu bildirir.
Video qısa bir vaxtda populyarlaşıb və saatlar ərzində milyonlarla baxış toplayıb.
MKİ bu kampaniya ilə Çindəki insan kəşfiyyat şəbəkəsini gücləndirməyi planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top