
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Böyük Britaniyanın Moskvadakı səfirliyində diplomatik missiya adı altında fəaliyyət göstərən, əvvəlcədən bəyan edilməmiş Britaniya xüsusi xidmət orqanları əməkdaşını müəyyən etdiyini açıqlayıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, həmin şəxs akkreditasiyadan məhrum edilib və ona iki həftə ərzində Rusiya Federasiyasını tərk etməli olduğu bildirilib.
“Əks-kəşfiyyat işi çərçivəsində Federal Təhlükəsizlik Xidməti Böyük Britaniya xüsusi xidmət orqanlarının əvvəlcədən bəyan edilməmiş əməkdaşı — 08.08.1980-ci il təvəllüdlü Devis Qaret Samueli müəyyən edib. O, Rusiyaya Böyük Britaniyanın Moskvadakı səfirliyinin inzibati-təsərrüfat şöbəsinin ikinci katibi vəzifəsi adı altında göndərilib.
Qeyd olunan əsaslar üzrə Rusiya Xarici İşlər Nazirliyi maraqlı qurumlarla birgə Devis Qaret Samuelin akkreditasiyasının ləğv edilməsi barədə qərar qəbul edib. Britaniya vətəndaşına iki həftə müddətində Rusiya ərazisini tərk etmək tapşırılıb”, - deyə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz