
“Kiyev müharibənin başlanğıcından bəri ən çətin vəziyyətinə düşüb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko sosial şəbəkə hesabında yazıb.
“Kiyevdə vəziyyət son dərəcə çətindir. Dörd illik tammiqyaslı müharibədə ilk dəfədir ki, bu qədər ağırdır”, - mer yazıb.
Kiyev merinin sözlərinə görə, şəhərdəki təxminən 400 çoxmərtəbəli bina istiliksiz qalıb. Onlar 9 yanvardan, Rusiyanın kütləvi zərbələrindən sonra istiliksiz qalıb. Kliçko söz verib ki, 14 yanvar axşamına qədər bu binalarda qismən istilik bərpa olunacaq.
O əlavə edib ki, enerji təchizatı vəziyyəti son dərəcə ağır olaraq qalır: zədələnmiş elektrik şəbəkəsi qəzalı vəziyyətdə işləyir və şəhər üzrə təcili elektrik kəsintiləri baş verir:
“Şəhər sakinləri hazırda təxminən üç saat işıqlı, 10 saata qədər, bəzi yerlərdə isə daha uzun müddət elektrik enerjisiz olurlar. Təcili elektrik kəsintiləri davam edəcək. Bu barədə açıq və dürüst danışmaq lazımdır. İnsanların vəziyyəti başa düşməsi üçün”.
Qeyd edək ki, hazırda Kiyevdə temperatur sıfır dərəcənin altındadır - gündüz mənfi 12 dərəcədən gecə mənfi 18 dərəcəyə qədər.
Tətbiqimizi yükləyə bilərsiniz