Ünvanlı sosial yardımlar barədə yayılan məlumatlarla bağlı – Xəbərdarlıq


Son günlərdə fişinq xarakterli müxtəlif saxta domenlər yaradılaraq sosial şəbəkələr və messencerlər vasitəsilə əhali arasında dövlət tərəfindən ünvanlı sosial yardımların verilməsi ilə bağlı dezinformasiya yayılmaqdadır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb.
Bildirilib ki, xüsusilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə məxsus “myGov” portalının adından istifadə olunmaqla saxtalaşdırılmış saytlar yaradılaraq vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi hədəflənir.
“Sözügedən saxta saytlar vasitəsilə kimlik məlumatlarının, istifadəçi hesablarının və bank kartları kimi mühüm məlumatların ələ keçirilməsinə cəhd edilir.
XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi bu kimi saxta domenlərin bir neçəsini müəyyən edərək müvafiq qurumlarla birgə ölkə üzrə bloklanmasını təmin edib. Eyni zamanda, həmin saxta domenlər Mərkəzin “Blacklist.gov.az” platforması vasitəsilə də ictimaiyyətə təqdim olunub.
Dövlət Xidməti vətəndaşlara saxta domenlər aşkar etdikdə bu barədə məlumatı Blacklist.gov.az – vətəndaşların saxta domenlərdən qorunması platformasına əlavə etmələrini, saxta saytlardan qorunmaq məqsədilə öz brauzerlərində platformanın müvafiq genişlənməsindən istifadə etmələrini, eləcə də şübhəli sayt və keçidlərə qarşı diqqətli olmalarını tövsiyə edir”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top