
Dünya əhalisinin təxminən 40%-i uçuş zamanı müəyyən dərəcədə qorxu hissi keçirir.
Yeniavaz.com “Euronews”a istinadən xəbər verir ki, bu qorxu ilə mübarizə aparmaq üçün bir çox sərnişin müxtəlif xurafat və rituallara əl atırlar.
Bildirilir ki, “şanslı” oturacaq seçmək, təyyarənin xarici hissəsinə toxunmaq, hətta xüsusi geyimlər geyinmək kimi rituallar daha çox müşahidə olunur.
Məhz bu xurafatlar səbəbindən bəzi aviaşirkətlər sərnişinlər arasında narahatlığın qarşısını almaq üçün 13-cü və 17-ci oturacaq sıralarını ümumiyyətlə təyyarə planından çıxarır.
Niyə 13 və 17 rəqəmləri “uğursuz” sayılır?
13 rəqəmi ilə bağlı qorxu o qədər geniş yayılıb ki, bunun üçün xüsusi termin də mövcuddur – triskaidekafobiya. Bu anlayış ilk dəfə 1911-ci ildə Amerika Psixoloji Assosiasiyasında qeyd olunub.
13 rəqəminin uğursuz hesab edilməsinin mənşəyi dəqiq bilinməsə də, əsasən Qərb mədəniyyətində yayılıb. Xristian inanclarına görə, İsa Məsihə xəyanət edən Yəhuda “Son Şam yeməyi”ndə 13-cü qonaq olub. Digər yanaşmalarda isə bu rəqəm Norveç mifologiyası və ya 12-nin “tamlıq” rəmzi olmasından sonra gəlməsi ilə əlaqələndirilir.
İtaliyada isə 17 rəqəmi uğursuz sayılır. Roma rəqəmi ilə XVII yazıldıqda, hərflərin yeri dəyişdirilərsə latınca “Həyatım bitdi” mənasını verən “VIXI” sözü alınır.
Bundan başqa, Çində 4 rəqəmi uğursuz hesab olunur, çünki onun tələffüzü Çin dilində “ölüm” sözünə çox bənzəyir.
Hansı aviaşirkətlər “uğursuz” sıralardan imtina edir?
Bir sıra iri aviaşirkətlər bəzi təyyarələrində 13-cü sıranı tamamilə ləğv edib. Bu siyahıya “Ryanair”, “Air France”, “Singapore Airlines”, “Cathay Pacific”, “Qatar Airways”, “Emirates”, KLM və “Iberia” daxildir. Almaniyanın “Lufthansa” aviaşirkəti də eyni siyasəti tətbiq edir.
“Lufthansa” 2017-ci ildə sosial şəbəkədə paylaşım edərək bildirib: “13-cü və 17-ci sıralar əlçatan deyil, çünki onlar uğursuz nömrələr hesab olunur”.
“United Airlines” isə daha da irəli gedərək bəzi təyyarələrində 13 və 14-cü sıraları ləğv edib. Səbəb kimi 14 rəqəminin Çin dilində “öləcək” sözünə bənzəməsi göstərilir.
Uçuşla bağlı başqa hansı xurafatlar var?
2016-cı ildə aparılan araşdırmaya əsasən, sərnişinlərin təxminən 17 faizi oturacaqlarına keçməzdən əvvəl təyyarənin xarici hissəsinə toxunduqda özlərini daha rahat hiss etdiklərini bildiriblər. Bu, uçuşla bağlı ən geniş yayılmış xurafatlardan biridir.
Digər statistikaya görə, 13-cü cümə günü Böyük Britaniyadan Avropaya olan uçuşlar təxminən 39% daha ucuz olur. Səbəb isə insanların bu günü uğursuz sayaraq səyahətdən çəkinməsidir. Maraqlıdır ki, xurafatlar təkcə sərnişinlərlə məhdudlaşmır. Onlayn aviasiya forumlarında yayılan məlumatlara görə, bəzi pilotlar da uçuşdan əvvəl təyyarənin qanadına toxunur və ya hər uçuşdan öncə eyni yeməyi yeməyə üstünlük verirlər.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz