
Attraksion və əyləncə mərkəzlərinə maraq artsa da, bu məkanlarda təhlükəsizlik məsələsi hər zaman aktual olaraq qalır.
Yeniavaz.com xəbər verir ki, ailələr uşaqları ilə, gənclər isə əylənmək üçün attraksion və əyləncə mərkəzlərinə üz tuturlar. Lakin zaman-zaman bu məkanlarda baş verən qəzalar təhlükəsizlik qaydalarına nə dərəcədə əməl olunduğu sualını gündəmə gətirir.
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib ki, attraksionlar təhlükə potensialı olan obyektlərin siyahısına daxil olan avadanlıqlardır və bu cür obyektlərin yerinə yetirilməsi zəruri olan təhlükəsizlik qaydaları mövcuddur:
“Belə ki, kustar üsulla hazırlanmış, heç bir pasportu, texniki müayinə aktı və istismara yararlılıq sənədi olmayan attraksionların istifadəsinə yol verilmir. Xüsusilə qeyd etmək istəyirəm ki, ölkəmizdə hələ də texniki təhlükəsizlik ekspertizasından keçmədən qanunsuz fəaliyyət göstərən attraksionlar mövcuddur və bu da ciddi təhlükə yaradır. Bu cür attraksionlar aşkar edilməli və onların fəaliyyəti məhdudlaşdırılmalıdır. Belə ki, ildə ən azı bir dəfə Fövqəladə Hallar Nazirliyi tərəfindən attraksionlarda yoxlamalar həyata keçirilir. Bu yoxlamalar zamanı attraksionların mövcud təhlükəsizlik norma və qaydalarına uyğunluğu yoxlanılmalıdır. Yoxlama zamanı hətta kiçik bir təhlükə aşkar edildikdə belə, dərhal attraksionun fəaliyyəti dayandırılmalıdır”.
Orxan Musayev vurğulayıb ki, təhlükəsizliyin təmin olunması üçün eyni zamanda maarifləndirmə işləri də aparılmalıdır:
“İnsanlar attraksionlardan istifadə etməzdən əvvəl onlara qısa formada təhlükəsizlik təlimatları keçirilməlidir. Avadanlıqların üzərində təhlükəsizlik nişanları yerləşdirilməlidir. Attraksion təhlükə ilə üzləşdiyi zaman onun dərhal dayandırılması üçün nəzərdə tutulan ‘STOP’ düymələrinin yerləri hər kəs üçün aydın olmalıdır. Attraksionun müvafiq pasport sənədləri və sonuncu dəfə keçirilmiş texniki təhlükəsizlik ekspertizasına dair sənədlər attraksionun gözlə görünən yerində asılmalıdır. Attraksiyondan istifadə edən şəxslər də bu sənədlərlə tanış olmalıdırlar”.
Orxan Musayev əlavə edib ki, bu sahədə məsuliyyətsizlik və nəzarətsizlik qəza riskini dəfələrlə artırır:
“Təəssüf ki, bəzi hallarda attraksion operatorları təsadüfi şəxslər arasından seçilir ki, bu da attraksionlarda baş verə biləcək təhlükəli hadisələrin riskini artırır. Əgər attraksion operatorları öz vəzifələrini layiqincə yerinə yetirməzlərsə, attraksionlardan istifadə edən iştirakçıların həyatı ciddi təhlükə ilə üz-üzə qala bilər. Bundan əlavə, attraksionlarda təhlükəsizliyin təmin olunmasına görə əsas məsuliyyət attraksion sahiblərinin üzərinə düşür”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz