72 ölkədə qadağan olunan bu məhsuldan Rusiya Azərbaycana 467 ton göndərib


Ötən ilin ilk 10 ayı ərzində Azərbaycana xaricdən 657,3 ton asbest gətirilib.
Yeniavaz.com
xəbər verir ki, ölkəyə idxal olunan asbestin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 43% və ya 197,3 ton artıb.
Məlumat üçün bildirək ki, asbest Azərbaycana 3 ölkədən – Qazaxıstan, Rusiya və Çindən idxal olunub. İlin ilk 10 ayında ölkəyə Qazaxıstandan 190 ton, Rusiyadan 467,3 ton, Çindən isə təxminən 10 kiloqram asbest gətirilib.
Qeyd edək ki, əsasən tikinti sənayesində istifadə olunan asbest olduqca təhlükəli maddə hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün növ asbestləri, o cümlədən ən çox yayılan xrizotil asbesti kanserogen (bədxassəli şişlərin yaranmasına səbəb olan) kimi təsnif edib.
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi isə asbesti ən təhlükəli kanserogen maddələr qrupuna daxil edib.
Artıq dünyanın 72 ölkəsində, o cümlədən İran, Türkiyə və Ukrayna kimi region ölkələrində asbestdən istifadə rəsmi olaraq qadağan edilib.
Onu da qeyd edək ki, ötən il dekabr ayının 26-da Milli Məclisdə “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik təklif edilib.
Qanuna edilən dəyişiklik təsdiq olunduğu təqdirdə, 2027-ci il iyulun 1-dən Azərbaycanda asbestdən istifadə qadağan olunacaq.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top