Əcnəbilərlə evlilik azərbaycanlı gənclərə nə vəd edir: Daha yaxşı həyat, yoxsa...?


Son illər Azərbaycanda gənclərin, xüsusilə də gənc qadınların əcnəbi vətəndaşlarla evlənməsi hallarında artım qeydə alınıb.
Yeniavaz.com
rəsmi məlumatlara istinadən xəbər verir ki, 2025-ci ildə Azərbaycan vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında 2 081 nikah qeydə alınıb.
Müqayisə üçün bildirək ki, 12 il əvvəl – 2014-cü ildə bu göstərici 1 816 olub.
Onu da qeyd edək ki, insanlar bu cür evlilikləri şəxsi seçim kimi qiymətləndirsə də, fərqli mentalitet və həyat tərzinin gələcəkdə ciddi problemlərə yol aça biləcəyini düşünənlər də az deyil.
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, bu tip evliliklərdə əsas məsələ onların hansı motivlər üzərində qurulmasıdır:
“Əslində, prinsipcə burada problem yoxdur. Dünya böyükdür, müxtəlif millətlər tarix boyu bir-biri ilə qaynayıb-qarışıb, evləniblər. Lakin məsələyə iki aspektdən yanaşmaq lazımdır. Birincisi, bu proses kütləvi xarakter almamalıdır. Müəyyən faiz daxilində ola bilər, lakin kütləviləşərsə, bu, milli assimilyasiyaya gətirib çıxara bilər.
İkincisi isə motiv məsələsidir. Əgər əcnəbi ilə ailə qurmaq sevgi və sağlam mənəvi dəyərlər üzərindədirsə, bu, normaldır və alqışlanmalıdır. İnsanların etnik, dini və ya mənşəyinə görə evliliyində problem yoxdur. Amma evlilik maddi maraqlar, daha yaxşı həyat arzusu, pul qazanmaq və ya əyləncə kimi səbəblər üzərində qurulursa, bunu sağlam ailə modeli hesab etmək olmaz”.
Sosioloqun sözlərinə görə, bu cür evliliklərin böyük hissəsi məhz maddi maraqlara əsaslanır və nəticəsi əksər hallarda uğursuz olur:
“Əcnəbilərlə evliliklər artıb, amma onların az bir hissəsi real sevgi üzərində qurulub. Əksəriyyəti isə başqa ölkədə yaşamaq, vətəndaşlıq almaq və ya iş tapmaq məqsədi daşıyır. Hətta bu məqsədlərlə bağlanan saxta evliliklər də mövcuddur və onların sonu yaxşı bitmir. Bəzi hallarda bu evliliklər qadın alverinə, zorakılığa və cinayət hallarına qədər gedib çıxır”.
Elçin Bayramlı qeyd edib ki, əcnəbilərlə ailə quran bəzi azərbaycanlı qadınlar xaricdə ciddi təzyiq və istismara məruz qalırlar:
“Cinsi istismardan tutmuş qul-kölə kimi işlədilməyə qədər hallar yaşanır. Təəssüf ki, belə vəziyyətlərdə Azərbaycan dövlətinin həmin vətəndaşlara operativ şəkildə kömək etmək imkanı məhdud olur. Qanunlarımız xarici ölkələrdə keçərli deyil və bəzən həmin şəxslərin harada olduğu belə bilinmir. Buna görə də gənclər bu məsələlərdə son dərəcə ehtiyatlı olmalıdırlar”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top