
“Google”un həmtəsisçiləri Sergey Brin və Larri Peyc yaşayış və biznes fəaliyyətləri ilə bağlı mühüm qərar verərək Kaliforniya ştatından Delaver ştatına köçüblər.
Yeniavaz.com xəbər verir ki, texnologiya nəhəngi “Google”un yaradıcıları və əsas səhmdarları dekabrın sonlarında bütün zəruri prosedurları tamamlayıblar.
Bu addım “Demokrat” partiyasından olan qubernator Gavin Nevsom tərəfindən irəli sürülən və aktivləri 1 milyard dollardan artıq olan şəxslərə sərvət vergisi tətbiqini nəzərdə tutan vergi islahatından yayınmaq məqsədi daşıyır. Qeyd edək ki, söhbət ümumi aktivlərin 5 faizini əhatə edən birdəfəlik vergidən gedir.
Kaliforniyanı tərk etməklə yanaşı, Brin və Peyc Delaverdəki aktivlərini idarə edən şirkəti yenidən qeydiyyatdan keçirərək adını dəyişiblər. Fəaliyyəti barədə ictimaiyyətə az məlumat verilən və “T-Rex Holdings” adı ilə tanınan bu qurum “Google”un həmtəsisçilərinə məxsus təxminən 250 milyard dollarlıq aktivləri idarə edir.
Analitiklərin fikrincə, Kaliforniya qubernatorunun təşəbbüsü ilə gündəmə gələn və əslində ştatın büdcə kəsirinin azaldılmasına yönəlmiş bu islahat uzunmüddətli perspektivdə əks təsir göstərə bilər. Ekspertlər hesab edirlər ki, yüksək vergi riski səbəbindən Kaliforniyada qeydiyyatda olan milyarderlər yaşayış ünvanlarını və biznes strukturlarını başqa ştatlara köçürəcək, bu isə nəticə etibarilə Kaliforniyanın vergi gəlirlərinin daha da azalmasına səbəb olacaq.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz