
Bir qrup tədqiqatçı itlərin yaşını insan yaşına çevirmək üçün yeni bir düstur təklif edib.
Yeniavaz.com “Planet Today” portalına istinadla xəbər verir ki, əvvəllər bunun üçün “yeddiyə vur” düsturundan istifadə olunurdu, lakin son tədqiqatlar bunun həddindən artıq sadə olduğunu göstərir.
Müəlliflər yeni kəşflərini “bioRxiv” platformasında dərc ediblər.
Tədqiqatçılar epigenetik DNT ardıcıllıqlarına əsaslanaraq, orqanizmin bioloji yaşını təhlil etmək üçün xüsusi vasitə olan “metilləşmə saatı”ndan istifadə ediblər.
Bunlar yaşla birlikdə peyda olan və yox olan metil qruplarıdır və bu da qocalmanı dəqiq müəyyən etməyə imkan verir.
Alimlər müəyyən ediblər ki, itlər uşaqlıq və yeniyetməlik dövrünü çox tez keçir, lakin dörd ildən sonra onlarda qocalma sürəti xeyli yavaşlayır.
Bunu əsas götürən müəlliflər yeni bir düstur təklif ediblər: insan yaşı = 16 × ln (itin yaşı) + 31. Burada ln təbii loqarifmdir. Bu düstur göstərir ki, bir yaşlı it bioloji yaş baxımından 31 yaşlı insanla, dörd yaşlı it isə 52 yaşlı insanla müqayisə edilə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz