Bakıda son bir ildə su itkisi 9,2 dəfə artaraq 173 milyon kubmetrə çatıb


2024-cü ildə Bakı şəhərində müxtəlif məqsədlər üçün ümumilikdə 918,9 milyon kubmetr su istifadə olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, əvvəlki illə müqayisədə 15,8 milyon kubmetr və ya 1,7% çoxdur.
Sudan ən çox Səbail rayonunda istifadə olunub. Bu rayonda il ərzində 361,9 milyon kubmetr su istifadə olunub. Sudan ən az istifadə edən rayon isə Nərimanov rayonu olub – 16,6 milyon kubmetr.
Qeyd olunur ki, 2024-cü ildə paytaxt Bakıda istifadə olunan suyun 191,9 milyon kubmetri və ya 21%-i məişətdə (içməli) istifadə olunub.
Onu da bildirək ki, açıqlanan rəsmi statistikada su itkisinin son bir ildə 9,2 dəfə artdığı göstərilir. Əgər 2023-cü ildə paytaxt ərazisində 18,7 milyon kubmetr su itkiyə gedibsə, 2024-cü ildə bu göstərici 172,6 milyon kubmetrə yüksəlib.
Açıqlanan məlumatlardan belə görünür ki, Bakı şəhərində itkiyə gedən su istifadə olunan ümumi suyun 18,8%-nə bərabər olub. 2023-cü ildə bu göstərici cəmi 2,1% təşkil edib.
Bəzi rayonlarda su itkisi daha kəskin şəkildə artıb. Məsələn, Sabunçu rayonunda su itkisi 2023-cü illə müqayisədə 2024-cü ildə 20 dəfəyə yaxın artaraq 21,1 milyon kubmetrdən 40,9 milyon kubmetrə yüksəlib.
Onu da bildirək ki, 2024-cü ildə ölkə üzrə su itkisi 37%-ə bərabər olub.

Məlumat üçün bildirək ki, bu gün – 12 yanvar 2026-cı il tarixində Azərbaycan Prezidenti “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na dair Sərəncam imzalayıb. Sərəncamda su itkilərinin 20 faizdən aşağı salınması nəzərdə tutulub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top