ABŞ Maduronu ələ keçirən zaman gizli silahdan istifadə edib?


ABŞ-nin Venesuelada ölkə prezidenti Nikolas Maduronu ələ keçirmək məqsədilə həyata keçirdiyi gizli əməliyyatla bağlı sensasion açıqlamalar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.
Bildirilir ki, əməliyyat zamanı Venesuela təhlükəsizlik qüvvələrinə qarşı indiyədək görünməmiş güclü və naməlum texnologiyaya malik silahdan istifadə edilib.
Müsahibə verən Venesuela təhlükəsizlik işçisi ABŞ qüvvələrinin ani hücumla mövqelərini iflic vəziyyətinə saldığını bildirib. Onun sözlərinə görə, hücumdan dərhal əvvəl bütün radar və müşahidə sistemləri naməlum səbəbdən sıradan çıxıb: “Keşikdə idik, birdən bütün radarlar qaraldı. Sonra mövqelərimizin üzərindən çoxlu sayda dron uçmağa başladı. Nə baş verdiyini anlamırdıq. Ardınca isə döyüş yox, əsl qırğın başladı”, – deyə şahid qeyd edib.
Təhlükəsizlik işçisinin iddiasına görə, ABŞ əsgərləri misilsiz dəqiqlik və sürətlə atəş açaraq yüzlərlə silahlını qısa müddətdə zərərsizləşdiriblər. “Elə bil hər bir əsgər dəqiqədə yüzlərlə güllə atırdı. Sayca çox idik, amma şansımız yox idi”, – deyə o əlavə edib.
Şahid ən dəhşətli məqamın isə daha sonra baş verdiyini bildirib. Onun sözlərinə görə, hücum zamanı buraxılan naməlum silah güclü səs dalğası yaradıb: “Birdən sanki başımın içi partladı. Hamımızın burnundan qan axmağa başladı, bəzilərimiz qan qusdu. Yerə yıxıldıq, hərəkət edə bilmirdik. O silahdan sonra ayağa qalxmaq mümkün deyildi”. 
Venesuela Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, 3 yanvar tarixində baş verən hücum nəticəsində təxminən 100 təhlükəsizlik əməkdaşı həlak olub. Lakin onların hansı silahla öldürüldüyü rəsmi şəkildə açıqlanmayıb.
Hadisə ilə bağlı ABŞ tərəfi hələlik rəsmi mövqe bildirməyib. Mütəxəssislər isə yayılan məlumatların informasiya müharibəsinin bir hissəsi ola biləcəyini istisna etmirlər.

DİGƏR XƏBƏRLƏR

Top