
Doğulduğu gündən analar uşaqlarının bütün işlərini görməyə çalışırlar. Və nəticədə, uşaqlar böyüdükcə analar onlara daha çox vaxt ayırmalı olurlar.
Halbuki uşağın işlərini görmək əvəzinə ona görə biləcəyi işləri öyrətmək lazımdır. Çünki anaların “O hələ balacadır” və ya “O hələ, bacarmaz” kimi fikirləri uşaqları tənbəlliyə alışdırır. Üstəlik, bu vəziyyət bəzən məktəb yaşlarına qədər davam edir. Halbuki uşaqlar doğulduqları gündən öz işlərini özləri görməyə çalışırlar. Ona görə də, uşaqlar bu yaşlarda daha çox köməyə yox, öyrənməyə ehtiyac duyurlar. Məsələn, əgər diqqət yetirmisinizsə, ilk yaşlardan siz uşağınızı geyindirərkən o, corablarını geyinməyə çalışır. Deməli, əgər siz ona imkan versəniz, bir müddət sonra o, corablarını özü geyinə bilər. Digər tərəfdən, uşaq müstəqilliyə öyrəşdikcə tədricən geyimlərini də özü seçməyə başlayır. Beləliklə də, o, sizin istədiyinizi yox, öz istədiyini geyinməyi üstün tutur.
Ancaq uşaqlarının bütün işlərini özləri görən və öz aləmlərində onlara kömək etdiklərini düşünən analar da az deyil. Halbuki onlar hər dəfə bir şey öyrətməklə (məsələn, paltarlarını geyinmək, ayaqqabılarını bağlamaq və s. kimi) əslində, uşaqlarına daha çox kömək etmiş olurlar. Digər tərəfdən, uşaqlar ilk gündən götürdükləri şeyləri ağızlarına aparırlar. Məhz elə bu instinkdən istifadə edərək, bir az böyüdükdən sonra asan yeyilə bilən şeyləri onun qarşısına qoya və uşağınızı özü yeməyə alışdıra bilərsiniz.
Ancaq yemək yeməyi öyrətdikdən sonra uşağa əllərini yumağı da öyrətmək lazımdır. Halbuki bir çox analar paltarlarını bulaşdırmasınlar deyə, uşaqlarını özləri yedirməyə çalışır və nəticədə, həm özləri, həm də uşaqları üçün problemə səbəb olurlar. Digər tərəfdən, analar uşaqlarına paltarlarını təmizləməyi də öyrətməlidirlər. Sonra tədricən onlara ayaqqabılarını təmizləməyi, üzlərini yumağı, dişlərini fırçalamağı, oyuncaqlarını toplamağı, otaqlarını yığışdırmağı da öyrətmək olar. Üstəlik, uşağınız alışsın deyə, ara-sıra onu mükafatlandırmaq da pis olmaz.
Aygün Vəliyeva
Tətbiqimizi yükləyə bilərsiniz