
(Həyat dərsi)
Qoca komasının önündə nəvəsi ilə oturub yaxınlıqda bir-biri ilə boğuşan iki çoban itinə tamaşa edirdi. İtlərdən biri ağ, o biri isə qara idi. Nəvə ağlı kəsəndən o itlər babasının komasının önündə boğuşurdular. Uşaq artıq çoxdan idi ki, babasına vermək istədiyi sualları bir-bir soruşmağa başladı:
- Baba, niyə məhz iki it saxlayırsan. Bu balaca komanı qorumaq üçün bir it bəs etməzmi? - və cavabı gözləmədən ikinci sualını da verdi:
- Niyə itlər ancaq ağ və qara rənglərdədir?
Suallarını verdikdən sonra diqqətlə babasının üzünə baxmağa başladı. Müdrik qoca bu sualları çoxdan gözləyirdi və nəvəsini çox intizarda qoymadan cavab verməyə başladı:
- Onlar mənim üçün iki rəmzdir.
Uşaq marağını gizlədə bilməyib yenə soruşdu:
- Nəyin rəmzidir?
Baba aram-aram davam etdi:
- Yaxşılıq və pisliyin… Bax, bu itlər belə boğuşmaqla bizə nə isə demək istəyirlər. Çünki bu gördüyün itlər kimi yaxşılıq və pislik də qəlbimizdə mübarizə aparır. Onlara baxdıqca, mən də qəlbimdəki yaxşılıqları və pislikləri düşünürəm. Ona görə də, bu itləri həmişə yanımda saxlayıram.
Uşaq sözün bu yerində “Mübarizə varsa, qalib də olmalıdır” deyə düşündü və suallarına bir sual da əlavə etdi:
- Yaxşı, səncə bu itlərdən hansı qalib gəlir?
Baba gülümsəyərək nəvəsinə baxdı:
- Hansı? Hansına daha yaxşı baxsam o!..
Tətbiqimizi yükləyə bilərsiniz