
Etirazçılar Tehranda 26 banka və 10 dövlət binasına ziyan vurub və 25 məscidi yandırıblar.
Yeniavaz.com xəbər verir ki, bunu Tehran meri Əlirza Zəkani İranın dövlət televiziyasına bildirib.
O, həmçinin etirazçıların 42 avtobus, ictimai nəqliyyat vasitəsi və təcili yardım maşınını, həmçinin 24 mənzili yandırdıqlarını qeyd edib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının postlarına da hücumlar olub.
Mer əlavə edib ki, onlar həmçinin yanğınları söndürməyə gedən 48 yanğınsöndürən maşınını yandırıblar.
Digər tərəfdən, İranda baş verən iğtişaşlar zamanı prokuror Əli Əkbər Hüseynzadə öldürülüb.
İranın Şimali Xorasan əyalətinin baş hakimi Rza Baratizadə İranın dövlət televiziyasına bildirib ki, onunla birlikdə bir neçə təhlükəsizlik qüvvəsi zabiti də qətlə yetirilib.
Hadisə cümə axşamı günü axşam İrannın şimal-şərqində yerləşən Şimali Xorasan əyalətində baş verib.
Qeyd edək ki, İranda etirazlar 2025-ci ilin dekabr ayının sonlarında yerli valyuta olan İran rialının devalvasiyası ilə əlaqədar başlayıb. Etirazların əsas diqqət mərkəzində əvvəlcə valyuta məzənnəsindəki kəskin dalğalanmalar və onların topdan və pərakəndə satış qiymətlərinə təsiri olub. Lakin İranın bir neçə şəhərində etirazlar sonradan polislə toqquşmalara çevrilib və şüarlar İrandakı mövcud siyasi sistemi hədəf alaraq siyasi xarakter alıb. Həm təhlükəsizlik qüvvələri, həm də etirazçılar arasında itkilər olduğu bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz