Küçələr boşalır, ekranlar dolur... – Yeni nəsil nəyi itirir?


Məlum olduğu kimi, nəsillər dəyişdikcə insanların həyat tərzi də dəyişir. Uşaqlığın telefon, planşet və internet olmadan keçdiyi günlər bu gün çoxları üçün sadəcə bir xatirəyə çevrilib. Çünki müasir dövrdə yeni nəsil tamamilə fərqli bir mühitdə böyüyür. Əvvəllər uşaqların əsas oyun məkanı küçələr və həyətlər idisə, bu gün həmin məkanları ekranlar əvəzləyib. Küçələr əvvəlki kimi səs-küylü deyil, həyətlər isə getdikcə boşalır. Oyunlar telefonlara köçüb, uşaqlar isə daha səssiz və hərəkətsiz olublar.
Bəs telefonla böyüyən nəsil nələrdən məhrum qalır?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan sosioloq Hüseyn İbrahimov bildirib ki, uşaqların real sosial mühitdən uzaqlaşması onların ünsiyyət bacarıqlarının zəifləməsinə səbəb olur:
“Əvvəlki dövrlərdə insanları yoran texnoloji avadanlıqlar daha az olub və insanların ünsiyyəti real amillər üzərində qurulub. Bu gün isə təəssüf ki, gənclər arasında dostluq, əlaqə, ünsiyyət, hətta sevgi kimi dəyərlər virtuallaşır və daha çox sosial şəbəkələr, texnoloji asılılıqlar üzərindən formalaşmağa başlayır. Bu da insanların real ünsiyyətinin, əvvəlki nəsillərdəki ünsiyyət forma və metodlarının dəyişməsinə səbəb olur”.
Sosioloq qeyd edib ki, birinci növbədə dil mədəniyyəti zərər görür:
“Əgər fikir versəniz, görərsiniz ki, indiki nəsillərin aydın nitq qabiliyyəti xeyli zəifdir. Xüsusilə onların çıxış etmək, öz fikirlərini ədəbi dildə izah etmək bacarığı aşağı səviyyədədir. Baxmayaraq ki, yüksək ballarla orta məktəbi bitirir, universitetlərə yüksək ballarla daxil olurlar, öz fikirlərini ədəbi dildə ifadə etmək və aydın şəkildə cümlə qurmaq bacarığını əvvəlki illərlə müqayisə etdikdə, indiki gənclər arasında böyük fərq görünür. Bu isə təbii ki, real ünsiyyətin azalması ilə bağlıdır. Dil insanlar arasında ünsiyyət vasitəsidir, lakin bu gün dili kompüter dili əvəz edir. Sosial şəbəkələrin fəaliyyəti canlı danışığın yerini tutur və nəticədə insanların real ünsiyyətdən qaçması, virtual ünsiyyətə meyl etməsi müşahidə olunur. Demək olar ki, indiki nəsillərin bir çoxunda aydın fikir qurmaq, səlis nitq fəaliyyəti və gözəl çıxış etmək bacarığı azalıb”.
Sosioloq vurğulayır ki, vaxtlarının böyük hissəsini telefonda keçirən uşaqlar texnoloji baxımdan müəyyən biliklər əldə etsələr də, bir çox dəyərlərdən məhrum olurlar:
“Halbuki bizim tariximizi, mədəniyyətimizi əks etdirən filmlərimiz var. Təəssüf ki, gənclərin çoxunun bu filmlərdən xəbəri yoxdur. Onlar bu filmlərə rast gəlsələr belə, virtual əlaqələr onları öz axınına elə alıb aparır ki, bu dəyərləri yaşadan filmləri izləmək üçün lazımi estetik zövq və duyğusal ehtiyac formalaşmır. İnsanların duyğuları var və bu duyğuları yaradan amillər mövcuddur. Bu gün gənclik təkcə bizdə deyil, dünyanın bir çox yerində sürətli texnoloji amillərin təsiri altındadır. Bu isə dalğavari bir prosesdir və bir çox gənci dəyərlərdən, adət-ənənələrdən, əvvəlki nəsillər arasındakı münasibətlərin formalaşmasından uzaqlaşdırır”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top